25 İyun 2018 17:47
872
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 28-də Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək. Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan Respublikası daxil olmaqla 60 dövlət və beynəlxalq təşkilat bu qrupda təmsil olunur.

Teleqraf.com xəbər verir ki, bunu KİV-in sorğusuna cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

O qeyd edib ki, Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən platformadır:

“Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir. 28 iyun tarixində Bakıda keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak edəcək. Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. 28 iyun tarixində Bakıda Əfqanistanla əlaqədar keçirilən tədbir budur”.

H.Hacıyev onu da bildirib ki, Azərbaycan Respublikası Əfqanıstana bağlı bir sıra beynəlxalq və regional formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin edilməsinə öz töhfəsini verir:

“1 dekabr 2017-ci ildə Azərbaycanın Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində “Asiyanın ürəyi- İstanbul Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib. Kütləvi informasiya vasitələrində verilən məlumata görə Əfqanıstan Prezidenti Əşrəf Qani “Taliban”la sülh danışıqları üçün müraciət edib və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər