27 İyun 2018 23:14
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Ordusunun 100 illiyi münasibətilə təşkil olunmuş parad əslində ölkəmizdə həyata keçirilən ordu quruculuğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi idi. Hər bir azərbaycanlı dərk edir ki, hazırkı mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz milli ordumuzdur.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, məhz bu səbəbdən Ali Baş Komandan, Prezident İlham Əliyev öz çıxışında Azərbaycanın işğalla heç vaxt barışmayacağını bildirib:

“Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda ordumuzun belə güclü olması, ən müasir silahlarla təchiz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi işğalçı Ermənistanda da qorxu və vahimə yaradır.

Təsadüfi deyil ki, Ali Baş Komandanın çıxışından dərhal sonra işğalçı Ermənistan mətbuatı bu çıxış zamanı səsləndirilən hər bir fikri ayrıca təhlil etməyə başladı. Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir və Azərbaycan ordusu bir-birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır”.

H.Babaoğlu qeyd edib ki, 2016-cı ilin aprel döyüşləri ilə başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsilə davam edir:

“Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Hazırkı hərbi vəziyyəti təsvir edən Prezident İlham Əliyev “düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin” dedi. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər.

Paradda nümayiş etdirilən, yaxud etdirilməyən silah-sursatlarımız, ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval-ruhiyyəsi hazırkı vəziyyətdə Azərbaycanın üstünlüyünü diqtə edən əsas amillərdir. Üstəlik, ölkəmizin iqtisadi inkişafı, öz hərbi-texniki tələbatını ödəmək üçün yaratdığı hərbi sənaye müəssisələrinin olması, bu müəssisələrdə 120 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi, hətta bunların bir qisminin xaricə ixrac edilməsi hərbi-sənaye kompleksimizin və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir.

Ona görə də regionumuzda və dünyada beynəlxaq hərbi-siyasi şərtlər də uyğun olan kimi Azərbaycan Ordusu bircə həmlədə ərazi bütövlüyümüzü bərpa edəcək. Şübhəsizi ki, paralael olaraq Azərbaycan diplomatiyası və xarici siyasət institutları da bu şərtlərin lehimizə olması üçün lazımi işlər həyata keçirməkdə davam edir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər