Avqustun 15-də Abşeron rayonu ərazisindəki "Sevil" yaşayış massivinin bir qrup payçısı etiraz aksiyası keçirib.
Teleqraf.com Azadlıq Radiosuna istinadən xəbər verir ki, adamlar etiraz olaraq yaşayış binası tikən "Sevil" MTK-nin ofisi qarşısında toplaşaraq rəhbərlikədən tikinti işlərinin dayandırılma səbəbləri ilə bağlı onlara konkret cavab verilməsini tələb ediblər.
"Biz "Sevil" MTK-dan ev tikmək üçün torpaq sahəsi almışıq, amma birdən-birə bizim tikinti işlərimizi dayandırıblar. Rəsmi qurumlar deyirlər ki, bu işdə korrupsiya və vergidən yayınma halları olub və məsələ araşdırılanadək biz tikinti apara bilmərik".
Bir müddət əvvəl "Sevil" Massivi MTK-nın təsisçisi və həmin kooperativin direktoru həbs olunublar. Hər iki şəxs «qanunsuz sahibkarlıq» və «vergi ödəməkdən yayınma" da ittiham olunurlar.
Baş Prokurorluğun iyulun 25-də yaydığı məlumatda bildirilir ki, Vergilər Nazirliyi "Sevil" Massivi MTK-da külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməsindən yayındırılması faktını aşkar edib. Bununla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi qaldırılıb.
Məlumata görə, şirkət rəhbərləri 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməyiblər.
O cümlədən, onlar xüsusi razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub 100 min manata yaxın gəlir əldə etməkdə ittiham edilirlər.
İstintaq hesab edir ki, "Sevil" Massivi MTK-nın məsul şəxsləri həm bələdiyyənin mülkiyyətində olan 30 hektar perspektiv inkişaf torpaqlarını, həm də ayrı-ayrı şəxslərin mülkiyyətində olan "At yalı" və "Sonalı sahəsi" adlandırılan 110 hektar örüş torpaqlarını qanunsuz olaraq zəbt edib və vətəndaşlara faizsiz kreditlə satıb.