Fəxr edirəm ki, şərəfli Azərbaycan polisinin adını daşımışam. Hər zaman vətənimin bayrağını dünyada ucaltmaqdan ötrü bir polis, idmançı və ən əsası Azərbaycan vətəndaşı kimi əlimdən gələni etməyə hazıram.
Teleqraf.com-un məlumatına görə, bu sözləri “Ağ canavar” ləqəbli məşhur kikboksçu Eduard Məmmədov Azərbaycan polisinin peşə bayramının 100 illik yubileyi ilə bağlı sosial şəbəkədə paylaşımında qeyd edib.
O, polis həmkarlarını bayram münasibətilə təbrik edib: “Ulu öndər mərhum Prezident Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunur. Ölkəmizin dörd bir tərəfində böyük bir inamla çalışan və xalqımız üçün heç bir fədakarlıqdan çəkinməyən, gecəsini gündüzünə qatan, 24 saat cəmiyyətimizin, xalqımızın rifahının qeydinə qalan və müdafiəsi üçün çalışan, başda daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov cənablarını və polis yoldaşlarımın hər birinin bayramını təbrik edirəm. Gələcəkdə hər birinə nailiyyətlər arzu edirəm”.