İyulun 5-də gecə saatlarında Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin çətin keçilən dağlıq meşə fondu ərazisində başlamış yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti bildirib.
Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bərabər Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, helikopter və aviasiyası yanğın söndürülmə işlərinə cəlb olunub.
Havanın isti və küləkli olması yanğının tam söndürülməsində çətinliklər yaradır. Nisbi rütubətin 23 faiz, küləyin sürətinin 14 m/san və yüksək temperatur rejimi işlərin aparılmasına əngəllik yaratsa da yanğın söndürülmə işləri davam etdirilir.
ETSN Fövqəladə Hallar Nazirliyinin qüvvələrinə dərin minnətdarlıq bildirir, eyni zamanda rayon icra hakimiyyəti, Masallı, Yardımlı, Cəlilabad rayonlarının sakinlərinin yanğının söndürülməsinə yaxından köməkliyini xüsusi vurğulayır.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev 5 iyul tarixindən yanğın baş verən ərazidə nazirliyin yanğına qarşı səfərbər olunan qüvvələrinə rəhbərlik edir.
***
11:23
Dünən Yardımlı rayonunun Şıxlar kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidəki meşə zolağında başlamış yanğının söndürülməsi işləri bu gün də davam etdirilir.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə Cəlilabad rayonunun Fətullaqışlaq kəndi istiqamətindən də başlanılıb.
Hava şəraitinin küləkli və relyefin çətin keçilən dağlıq ərazi olması yanğınsöndürmə işlərində bəzi çətinliklər yaradır.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər canlı qüvvəsi, 3 ədəd yanğınsöndürmə texnikası, Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi, "Mi-17" yanğınsöndürmə helikopteri, ETSN-nin Meşə Təsərrüfatı İdarəsinin 180 nəfər əməkdaşı, 60 nəfər yerli əhali yanğınsöndürmə işlərinə cəlb olunub.