11 İyul 2018 12:11
1 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən axşam 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Kimliyi, məramı, hansı ideyanın daşıyıcısı və hansı əqidənin qulluqçusu olduğu məlum olmayan, “Allahu Əkbər” deyib, Yaradanın buyurduqlarına zidd əməllər törədən, insan canına qəsd edən, şəhərin mərkəzində iğtişaşlar törədən bu dəstənin hədəfi sözsüz ki, Azərbaycanda uzun illərdən bəri bərqərar olan sabitlikdir.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Ceyhun Hüseynov deyib.

O qeyd edib ki, belə olmasaydı, bu anarxistlər sabitliyin və təhlükəsizliyin başlıca qarantı olan Azərbaycan polisinə əl qaldırmazdı:

“Bu insanların heç Azərbaycan xalqına və gəncəlilərə də aidiyyatı yoxdur. Xəncər, bıçaq kimi soyuq silaha əl atmaq yalnız soyuqqəlbli insanların peşəsi ola bilər. Bu xalqın insanı isə 20 Yanvarda onun üstünə gələn tankların qarşısına belə əli yalan çıxmışdı. Bu dəstənin hədəfi Azərbaycan dövlətçiliyidir. Belə olmasaydı, tarixən Azərbaycanın dövlətçilik paytaxtı, millətimizin güvən yeri olan Gəncəni hədəf seçməzdilər. Bu dəstənin hədəfi öz mövcudluğu dövründə bir dəfə də olsun, dini qarşıdurmanın baş vermədiyi, öz tolerant dəyərləri ilə dünya ölkələri üçün nümunə olan Azərbaycandakı dünyəvilikdir. Belə olmasa idi, müqəddəs ocaq və İmamzadə yurdu olan Gəncə hədəf seçilməzdi. Ancaq bu cür qüvvələr unudurlar ki, Azərbaycan dünyəvi dövlət olsa da, insanların dini etiqadı və əqidə birliyi ilə bağlı ictimai durum və sabitlik daim dövlətimizin nəzarətindədir”.

C.Hüseynov daha sonra deyib ki, bu qüvvələr sui-qəsdçilər və anarxistlərin hər zaman Gəncədə məğlub olduqlanırını unudublar: “Gəncə müstəqil və suveren Azərbaycan ideyasının rəmzi, dövlətçiliyin sütunudur. Öz ocağını xarici qüvvələrin körüyü ilə qalayanlar unudurlar ki, öz kökündən od almayanlar özgəsinə ocaq da ola bilməzlər. Bu ocağın odunu bitən kimi onu körükləyənlər külünü süpürüb atacaqlar.

Xaricdəki anti-Azərbaycan qüvvələr yalnız hansısa kütləni qaynada bilərlər. Azərbaycan xalqı isə çoxdan dünyada öz siması və dəsti-xətti olan güclü bir millətə çevrilib. Yönü bəlli olmayan kütlədən fərqli olaraq, bu xalqın seçdiyi yol bəllidir: əsasında Azərbaycançılıq ideyasının durduğu müstəqil, suveren və bölünməz Vətən”.

Politoloq əlavə edib ki, yolu bəlli olan xalqımız bu dəfə də təxribatçıların felinə uymayaraq Azərbaycanın dövlətçilik tarixindən, öz siyasi və mənəvi irsinin dərinliyindən gələn səsləri dinləməyi bacardı və terrora “yox” dedi. Müdriklik bu dəfə də cəhalətə qalib gəldi. Dövlətçilik hissiyatı anarxist meyllərdən üstün oldu. Gəncəlililər bu dəfə də öz ənənələrinə sadiq qalaraq dövlətə və dövlətçiliyə bağlı olduqlarını sübut etdilər. Gəncəlilər haqlının yanında, haqsızın qarşısında olduqlarını dörd bir tərəfə bəyan etdilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər