11 İyul 2018 15:56
2 988
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə öz vəzifəsinin icrasını həyata keçirən polislər cinayətkarlar tərəfindən qətlə yetirildi. Bir neçə gün əvvəl Gəncə icra hakimiyyətinin başçısına qarşı həyata keçirilmiş sui-qəsd cəhdində olduğu kimi bu dəfə də cinayətkarları “qəhrəman” kimi təqdim etməyə çalışanlar var. Xüsusilə də radikal şiəliyin təbliğatında istifadə edilən ifadələrdən istifadə edərək, cinayətkarları “məzlumların hüquqlarının müdafiəçiləri” kimi təqdim edirlər. Bu, ideoloji model İranın inqilabçı ideologiyasına oxşayır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

Keçmiş nazir baş verənlərdə İranın adının hallandırılmasına da diqqət çəkib:

“Yaranan təəssürat budur ki, İran rəhbərliyindəki bəzi radikal dairələr Azərbaycanda sabitliyin pozulmasında maraqlıdır, onlar ölkəmizdə məzhəb qarşıdurmasının yaranmasına çalışırlar. Lakin əminəm ki, istintaq bu işin əsl icraçılarını üzə çıxaracaq.

Müstəqilliyin ilk illərindən bu yana Azərbaycan və İran arasında tənzimlənmiş davranış qaydaları var idi. Onu da belə ifadə etmək olardı, biz daxili işlərinizə qarışmırıq, siz də öz ideologiyanızı ölkəmizdə yaymırsınız. Bu qaydalar uzun illərdir qüvvədədir. Lakin İran rəhbərliyindəki bəzi qüvvələrin bu qaydaları pozmağa çalışdığını və Gəncə hadisələrinin bunu əks etdirdiyini sübut edir. Dəfələrlə iranlı rəsmilər və diplomatlarla görüşümdə bildirmişəm ki, Azərbaycan İranla mehriban qonşuluq münasibətlərinin qurulmasında maraqlıdır”.

Tofiq Zülfüqarov hesab edir ki, Gəncə şəhərində baş verən hadisələrdə daha çox İrana bağlı qüvvələr önə çxır:

“Bunun səbəbi Azərbaycanla bağlı deyil. Bu, ABŞ tərəfindən İrana edilən təzyiqlərin nəticəsində ortaya çıxıb. Digər yandan, bir sıra Qərb dövlətləri və İsrailin təzyiqləri atında olan İran rəhbərliyindəki irtica dairələri Azərbaycana qarşı açıq düşmənçilik aparmağa sövq etdi.

Həqiqətən Azərbaycan öz ərazilərindən xarici qüvvələrə İrana qarşı istifadə etmək üçün icazə vermək niyyətində deyil. Azərbaycan dəfələrlə öz ərazisindən istənilən xarici qüvvələrin anti-İran fəaliyyətini həyata keçirməyə imkan verməyəcəyini bəyan edib. Əgər İranın rəhbərliyi Gəncə şəhərində Azərbaycan dövlətinə qarşı təxribat törətmiş qüvvələri neytrallaşdırmırsa, buna yenidən baxıla bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər