11 İyul 2018 22:55
792
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə xidməti borcunu yerinə yetirərkən öldürülən polislərimizə Allahdan rəhmət diləyirəm. Mövqeyini ortaya qoymaq üçün zor tətbiqinin hər formasını rədd edirəm.

Bunu Teleqraf.com-a açıqlamasında “Qafqaz” Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Araz Aslanlı deyib.
O qeyd edib ki, təxminən 50 gün öncə əksəriyyət cümhuriyyətimizin, 15 gün öncə isə ordumuzun 100 illiyindən danışırdı:

“Gəldiyimiz nöqtədə hər birimizin məsuliyyəti var. Unutmayaq ki, dövlət qurmaq və onu qorumaq asan deyil. Mən, “Hüquq: hər kəs üçün, hər yerdə, hər zaman!” prinsipinin tərəfdarıyam. İnsanlar fəaliyyətlərini mümkün qədər hüquq çərçivəsində qurmalıdırlar. Azadlıqlar üçün mübarizənin radikallaşması (təxribatlar) adətən azadlıqların genişləməsinə deyil, daha da məhdudlaşmasına səbəb olur. Radikallıq və təxribatlar adətən sadəcə kənardakı qüvvələrin işinə yarayır. Yaxınların düşmənçiliyindən ən çox uzaqdakı fürsətcillər faydalanır. Ümumiyyətlə isə istənilən hüquqazidd hərəkət qəbuledilməzdir. Amma buna sadəcə sadə vətəndaşların deyil, vəzifəli şəxslərin, dövlət qulluqçularının hüquqazidd hərəkətləri də daxildir”.

A.Aslanlı qeyd edib ki, vəzifəli şəxslərə qarşı hüquqazidd addımların qəhrəmanlıq kimi göstərilməyə çalışılmasının məhdud və qüsurlu düşüncədən qaynaqlandığına inanıram:

“Belə işlərdə arxa planda adətən başqa məqamlar və başqa güclər də olur. Arxa plandakı güclərin oyunlarını nəzərə almadan oynanan “qəhrəmanlıq oyunları”nın dövlətimizə və millətimizə vurduğu zərərlər ortadaykən daha ağıllı olmaq həm də vətəndaşlıq borcudur. Dövlət qulluqçusu da, sadə vətəndaş da fəaliyyətini hüquq müstəvisində qurmalıdır. Birinin hüquqazidd hərəkəti digərinin hüquqazidd hərəkəti üçün əsas təşkil etməməlidir. Haqqın-hüququn ali dəyər olduğunu anlayanlarımızn sayı artanda hər şey daha yaxşı olacaq”.


Müəllif: Səxavət