11 İyul 2018 22:12
1 394
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hadisə baş verəndə Gəncədə deyildim, ailəvi Hacıkəndə getmişdik, oğlum axşamüstü gəlib hadisə barədə məlumat verdi, görüntüləri görəndə dəhşətə gəldim.Təzyiqim 300-ə qalxdı, səhəri diri açdım, zülmlə gecə təzyiqimi aşağı salıb səhər şəhərə gəldim. Bizi gözü götürməyən insanlar haradan gəlib bu cür faciəvi hadisəni törətdilər, təsəvvürümüzə belə gətirə bilməzdik, şok içindəyik. Hazırda Gəncədə tam sakitlikdir, elə bil belə hadisə yaşanmayıb. Amma insanlar çox fikirlidir, polislərimiz həlak olduğuna görə çox üzgündürlər".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Gəncədən olan xalq artisti Şahnaz Haşımova dünən iki polis zabitinin ölümü ilə nəticələnən hadisə barədə danışarkən deyib.

Onun fikrincə, dünənki hadisə təkcə Gəncəyə deyil, bütünlükdə Azərbaycana olan zərbədir: “Bu hadisəni gəncəlilərin adına yazmaq doğru deyil, hamı kimi biz zərbə aldıq. Görün, başımıza nə oyun gətirdilər. Bu, dövlətimizi sevməyən, paxıllığımızı çəkən düşmənlərimizin hərəkətidir. Allah şəhid olan polislərimizə rəhmət eləsin, İlqar Balakişiyev də, Səməd Abbasov da layiqli zabit, nəcib insanlar idi. Azərbaycan polisi həmişə bizim asayişimizi qoruyur. İnsanlar polis idarəsinin qarşısına axın edirdi, şəhid polislərimizlə vida mərasimi keçirildi. Gəncə şəhərində insanlar həmişə quruculuq, inkişafla məşğuldurlar. Dünən o meydanda gəncəli yox idi, kadrlara baxanda heç birini tanımadım. Bu, bizim hamımıza, ölkəmizə uzanan düşmən əlidir. Hər kəsi prezidentimizin yanında olmağa çağırıram”.


Müəllif: Nərgiz Cavadzadə