27 İyul 2018 12:59
1 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər dənizinin ekoloji durumu ilə bağlı problemlər var. Təəssüf ki, bu günə kimi atılan addımlar endemik su hövzəsi üçün mənfi nəticələrə gətirib çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin söbə müdiri Rasim Səttarzadə bu gün keçirilən mətbuat konfransında deyib.

Şöbə müdiri bildirib ki, Xəzərin çirklənməsinin əsas səbəbi antropogen təsirlərlə bağlıdır:

“Neft daşınması, çaylar vasitəsilə dənizə axıdılan tullantılar, eləcə də plastik tullantılar Xəzərin çirklənməsinə səbəb olur. Xəzərin ekoloji durumunda tarazlıq pozulur. Azərbaycan sahil zolağından gün ərzində Xəzərə 1 milyon 850 min kub metr su daxil olur ki, onların böyük bir hissəsi təmizlənmir”.

Şöbə müdiri bildirib ki, bütün bunlar Xəzərin su resurslarına, balıq ehtiyatlarına mənfi təsir edir:

“Xəzərdə balıq ehtiyatları azalıb. 2010-11-ci ildə cəmi min ton nərə balığı ovlanıb. Nərə balığının ovlanması son 30 ildə dəfələrlə azalıb. Xəzərin vəziyyəti acınacaqlı durumdadır. Azərbaycan bu istiqamətdə tədbirlər görməyə başlayıb. Hesab edirəm ki, bir müddət sonra bunun nəticələrini görəcəyik. Xəzərin qorunması üçün 5 Xəzəryanı ölkənin tədbirlər görməsi son dərəcə vacibdir”.

Nazirliyin əməkdaşı Faiq Mütəllimov bildirib ki, qurumla Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Xaçmaz rayonunda Xəzər dənizinin sahil zolağında və çimərliklərdə birgə reydlər keçirib. Reydlər nəticəsində “Bulaq”, “Üç qardaş”, “Green ville”, “Panorama”, “Əlincə”, “Raduqa”, “Çıraq qala” və “Venesiya” istirahət mərkəzlərində əmələ gələn məişət tullantılarının ərazidə qalaqlanması, “Təbib”, “Sunset”, “Elay”, “Jalə” istirahət mərkəzlərində və “Panorama” restoranında formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılması faktları aşkar olunub.

F.Mütəllimov bildirib ki, bununla yanaşı, Sumqayıt şəhərində Xəzər dənizinin sahil zolağında keçirilən birgə reydlər zamanı analoji faktlar aşkar olunub.

“Araşdırma zamanı “Relaks”, “Tural-1”, “Gəmi Qaya”, “Orxan”, “Katamaran”, “Şərur”, “Kaspian Standart KO” MMC-yə məxsus “Kaspian Breeze” istirahət mərkəzlərində formalaşan məişət-çirkab sularının təmizlənmədən birbaşa Xəzər dənizinə axıdıldığı və “Dostluq” istirahət mərkəzində əmələ gələn məişət tullantılarının isə ərazidə qalaqlandığı məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və onlar İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 12500 manat məbləğində cərimə ediliblər.

Onun sözlərinə görə, görülən işlərə və belə mənfi faktlara baxmayaraq, işlərini düzgün təşkil edən, ekoloji normalara riayət edən istirahət mərkəzləri də var: “Nabranda “Palma”, Azərbaycan Dəmir Yolları QSC-nin və Təhsil Nazirliyinin istirahət mərkəzləri, Sumqayıt zonasında “Amor”, “Flaqman” və “Ləman” istirahət mərkəzlərində bu faktlar təkrar olunur. Son 2 gündə birgə reydlər Lənkəran rayonunda Xəzər dənizinin sahil zolağında aparılır və ilkin nəticə olaraq “Meduza”, “Su pərisi”, “Panorama” və “Məşədi” istirahət mərkəzlərində aşkar olunan qanun pozuntuları barəsində protokollar tərtib olunub və qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülür”.

Nazirlik əməkdaşı reydlərin mütəmadi xarakter daşıyacağını və Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin sahil zolağı boyu davam etdiriləcəyini bildirib:

“Bəzi hallarda cərimələr də insanları bu əməllərini törətməkdən çəkindirmir. Bununla bağlı nazirliyin sərt mövqeyi mövcuddur və ciddi xəbərdarlıqlar edilib. Obyektlər qarşısında öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırılması tələbi qoyulub. Bu tələbləri pozanlara qarşı barışmaz mübarizə aparılacaq və çox sərt tədbirlər görüləcək”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər