Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakı, Sumqayıt və Gəncə şəhərləri istisna olmaqla respublikanın digər şəhər və rayonlarında da şəhərlərarası daşımalarla bağlı dövlət tənzimlənməsini həyata keçirir. Bu sahədə xidmət ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən göstərilir. Sonuncu dəfə avtobus marşrutları ilə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı həddi 2007-ci ildə müəyyən olunub.
Teleqraf.com xəbər verir ki, bu, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sektor müdiri Nuridə Allahyarovanın açıqlamasında öz əksini tapıb.
O, daha sonra deyib:
“Bildiyimiz kimi, bu müddət ərzində nəqliyyat parklarının istismar və daşıma xərcləri artıb. Təbii ki, digər sahələrdə olduğu kimi, sərnişindaşımada da xidmət keyfiyyətinin artırılması daşıyıcılar qarşısında qaldırılsa da, sərnişindaşıma tariflərinin aşağı olması daşıyıcılara avtobus parkının yenilənməsi üçün investisiya qoyuluşuna imkan vermirdi. Və daşıyıcılar uzun müddətdir ki, bu problemin həlli ilə bağlı nazirliyə və digər müvafiq qurumlara çoxsaylı müraciətlər edirdi.
Bu müraciətlər əsasında mövcud vəziyyət detallı təhlil edilərək ,xidmət keyfiyyətinin artırılması, avtobus parkının yenilənməsi, müasir və dayanıqlı daşımanın həyata keçirilməsi üçün tariflərə yenidən baxılması məqsədəmüvafiq hesab olunaraq Tarif Şurasına müraciət edilib.
Tariflərin yuxarı həddinin yenidən müəyyən olunması sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara maliyyə vəziyyətini sağlamlaşdırmaq və nəticədə vətəndaşa daha yüksək və keyfiyyətli xidmət tələbinin mərhələli şəkildə icrasına gətirib çıxaracaq”.