Bu gün dünyada bütün müsəlmanlar Qurban Bayramını qeyd edirlər. Ənənəvi olaraq Azərbaycan müsəlmanları İrandan gələn təlimata uyğun olaraq bayramı vaxtından bir gün gec qeyd edəcəklər.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib.
Deputatın sözlərinə görə, Ramazan bayramında ayı bir az tez, bir az da gec görməyi bəhanə etmək mümkündür:
“Amma bu Qurban bayramında Türkiyədən, Rusiyadan, Səudiyyə Ərəbistanından, Pakistandan, Malaziyadan fərqlənmənin izahını kim verəcəkdir? Üç gün müddətində bayramın tələblərini yerinə yetirmək imkanı var və bir gün ertələnmə bir o qədər də məsələyə təsir göstərmir. Ancaq niyə biz hər dəfə İranın təyin etdiyi günə dini bayramlarımızı təyin etməliyik, narahatedici məqam da bilavasitə budur. İran müstəqil dövlətdir, özü bilər bayramlarını necə keçirir, orada yaşayan insanlara da biz bayramın xeyirli olmasını diləyirik. Ancaq bura əgər müstəqil Azərbaycandırsa, biz niyə dünya müsəlmanlarının çoxluğu ilə həmrəylikdən imtina edirik?
Bütün dünya liderləri, o cümlədən Azərbaycan Prezidenti cənab İlham Əliyev də məhz bu gün Qurban bayramı münasibəti ilə insanlarımızı təbrik etdi. Yəni hamı bayramın bu gün olduğunu bildiyinə görə təbriklərini də məhz bu gün səsləndirdilər. Bizdə isə Bayram namazı sabaha, yəni ayın 22-nə təyin olunub. Təbii ki, bizlər də qurbanımızı ixtilaf olmasın deyə, sabah namazdan sonra kəsməyi düşünürük. Ancaq hamılıqla bu mövzuya ciddi yanaşmağımız lazımdır”.