Almaniyanın federal kansleri Angela Merkelin Azərbaycana səfərində bir deyil, bir neçə məqsəd var.
Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.
O qeyd edib ki, bunlardan biri Cənubi Qafqazda Avropanın siyasi xəttini gücləndirməkdir:
“Donald Tramp administrasiyasının son zamanlar anlaşılmaz hərəkətləri və Kremlin ənənəvi siyasətdən əl çəkməməsi region ölkələrini xüsusi əməkdaş formatı tapmağa sövq edir. Belə əməkdaşlıq formatı Avropa İttifaqı ola bilər. İttifaqın ən təcrübəli siyasətçilərindən olan xanım Merkel buna görə regiona gəlir.
İkinci səbəb Almaniyanın Azərbaycana olan xüsusi marağıdır. Berlin ölkəmizin bilavasitə iştirakı ilə baş tutan yeni lahiyələrində Avropa zonasından açar rolunu oynamaq istəyir”.
Z.Əmrəliyev hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi və bəzilərinin cəbhə xəttində gözlədiyi yeni irimiqyaslı hərbi əməliyyatlar ehtimalı da səfər zamanı müzakirə mövzusu ola bilər:
“Almaniyanın Qarabağla bağlı xüsusi məqsədinin olduğu heç kimə sirr deyil. Təkcə onu demək kifayətdir ki, Almaniyanın Ermənistandakı səfiri Rayner Morel ölkəsinin ATƏT-in Minsk Qrupuna həmsədr olmaq isdədiyini bəyan etmişdi. Ancaq soradan bu məsələyə bir daha qayıdılmadı. Aydın məsələdir ki, İrəvan rəsmi Berlinin bu istəyinə “yox” demişdi.
Onu da qeyd edim ki, bu nə Berlinin ilk istəyi, nə də İrəvanın ilk “yox” deməsi idi. 1996-cı ildə Almaniyanın həmsədr seçilməsi təklif olunanda da Ermənistan bunu rədd etmişdi.
Ermənistanın təklifi rədd etməsi anlaşılandır. Çünki Almaniya digər 3 həmsədr ölkədən fərqli olaraq münaqişənin həllində maraqlıdır. Təkcə onu demək kifayətdir ki, 2016-cı ilin “aprel müharibəsi”dən sonra həmin dövrdə ATƏT-ə sədrlik edən Almaniya münaqişənin həlli ilə bağlı 7 maddədən ibarət həll paketini təklif etmişdi. Ancaq nədənsə sonradan bu paketin heç maddələri də açıqlanmadı”.
Siyasi şərhçinin fikrincə, səfər zamanı xüsusi olaraq enerji məsələləri də müzakirə ediləcək:
“Almaniya Azərbaycandan neft alan ölkələr sırasında 6-cı yerdədir. Almanların “RWE” və “E.ON” kimi şirkətləri Azərbaycanın neft -qaz lahiyələrində paya sahib olsalar da, bu pay çox cüzidir. Alman hökuməti bu payın artırılmasında maraqlıdır. Səfər zamanı həmçinin SOCAR-ın Almaniyadan “EWE Turkey” şirkətinin səhmlərini almaq istəyinin də müzakirə ediləcəyi gözləniləndir.
Qeyd edim ki, “EWE Turkey” şirkəti 2,5 milyard kubmetr təbii qaz tədarükü ilə Türkiyədə ən böyük topdansatış portfolisudur.
Almaniyanın enerji təhlükəsizliyi məsələsinin səfər zamanı xüsusi əhəmiyyət kəsb edən məsələ kimi müzakirə olunacağı da heç kimə sirr deyil. Məsələ ondadır ki, Almaniya enerji məsələsində Rusiyadan yarımasılı vəziyyətdədir. Bu ölkənin enerjiyə olan tələbatının təxminən 36 faizi Rusiyadan tədarük olunur. Berlin bu asılılıqdan azad olmaq üçün Bakı ilə sözügedən sahədə geniş əməkdaşlıq yaratmaq istəyir. Təsadüfi deyil ki, Almaniya hələ 2015-ci ildə Cənubi Qafqaz Lahiyəsini (TAP) dəstəklədiyini bildirmişdi”.
Z.Əmrəliyev qeyd edib ki, iki ölkə arasında bir sıra hökumətlərarası sazişlərin də imzanalanacağı gözlənilənilir:
“Almaniya ilə Azərbaycan arasında qeyri-neft sektorunda, xüsusilə aqrar sahədə əməkdaşlıq üçün geniş imkanlar var. Bunlar da müzakirə edilə bilər. Qeyd edim ki, bu səfər Almaniya federal kanslerinin Azərbaycana, həmçinin Cənubi Qafqaza ilk rəsmi səfəridir. Bunun üçün də səfər xüsusi əhəmiyyət daşıyır.
Səfərin son dayanacağının ölkəmiz olması isə xüsusi əhəmiyyətli bir məsələdir. Məsələ ondadır ki, Tiflis və İrəvanda müzakirə ediləcək ümumregion əhəmiyyətli məsələlər Bakıdan yekun razılıq alındıqdan sonra icra oluna bilər. Çünki Azərbaycan həqiqətən regionda aparıcı güc mərkəzidir”.