Almaniya Kansleri Angela Merkelin Cənubi Qafqaz ölkələrinə səfəri dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir. Kanslerin Azərbaycan səfəri də bu baxımdan bizim üçün böyük əhəmiyyət kəsb edir.
Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov belə deyib.
Almaniya və Azərbaycan arasında bir sıra məsələlər ətrafında fikir mübadiləsinin olduğunu bildirən politoloq hesab edir ki, ilk növbədə, Almaniya Azərbaycanın Avropanın enerji təhlükəsizliyi sahəsində oynadığı rola böyük əhəmiyyət verir:
“Cənub Qaz Dəhlizinin real perspektivi alman hökumətinin diqqətindən yayınmır. Məlumdur ki, Almaniyanın enerji resurslarına olan tələbatının ödənilməsində Rusiyanın oynadığı rol böyükdür. Bu baxımdan, Almaniya da digər Avropa dövlətləri kimi alternativ enerji mənbələrinin hansı dərəcədə önəmli olmasının vacibliyini bilir. Buna görə də Angela Merkelin Azərbaycan səfərində Azərbaycanın Almaniyanın enerji təhlükəsizliyində oynaya biləcəyi rol gündəmdə olacaq. Bununla bağlı ciddi razılaşmaların əldə olunacağını düşünürəm.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynaya biləcəyi rol, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll prosesinə təkan verəcək. Güman edirəm ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin təmin edilməsi Avropanın enerji və qaz təminatı məsələsində yer alacaq. Buna görə də Cənubi Qafqazda həyata keçirilən enerji layihələrinin ciddi əhəmiyyəti var. Bunlar Ermənistanın təcavüzkar siyasətinin ifşa edilməsi üçün də önəmlidir”.
Elşən Manafov bildirib ki, Almaniya Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı kompromislər çərçivəsində həlli üçün yeni təkliflər verə bilər:
“Bu da Almaniya və Avropa İttifaqının Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində oynadığı rola bir daha aydınlıq gətirəcək. Düşünürəm ki, bu səfərdən sonra Almaniya və Azərbaycan arasında bir sıra məsələlər qarşılıqlı kompromislər əsasında öz həllini tapacaq.
Eyni zamanda Almaniya Azərbaycanın beynəlxalq terrorizmə qarşı mübarizədə oynadığı rolun əhəmiyyətini də bilir. Buna görə də Azərbaycanın Avropa İttifaqına inteqrasiyası bütün tərəflər kimi Almaniya üçün də ciddi önəm kəsb edir.
Çox güman ki, Azərbaycanın Avropa İttifaqı qarşısında üzərinə götürdüyü öhdəliklər Merkelin səfəri çərçivəsində müzakirə mövzusu olacaq. Bu baxımdan da qarşılıqlı maraq doğuran məsələlər öz həllini tapacaq”.