Azərbaycan Mətbuat Şurası mətbuat yayımı əməkdaşı Sakit Həsənova fiziki xəsarət yetirilməsi ilə bağlı Daxili İşlər naziri, general-polkovnik Ramil Usubova müraciət ünvanlayıb.
Azərbaycan Mətbuat Şurasından Teleqraf.com-a verilən məlumata görə, müraciətdə bildirilir ki, Sakit Həsənov 30 avqust 2018-ci il tarixdə gecə saatlarında naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə zərərçəkənin yaşadığı Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə yaşayış massivində qeydə alınıb. Sakit Həsənov döyülüb və ona soyuq silahla xəsarət yetirilib.
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş Sakit Həsənovun vəziyyəti ağırdır.
Müraciətdə baş vermiş hadisənin müvafiq hüquqi qiymətinin alması üçün kömək göstərilməsi xahiş olunur, Sakit Həsənovun üzləşdiyi durumun ətraflı araşdırılacağına, günahkarların müəyyənləşdirilərək layiqli cəzalarını alacaqlarına əminlik ifadə olunub.