26 Sentyabr 2018 18:59
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan mədəniyyəti, mətbəxi və xalçaçılıq sənətinin Bolqarıstanda təbliğinin davamı olaraq Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyi cari ilin sentyabr ayında Sofiyada açıq havada baş tutmuş bir neçə tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, 14-17 sentyabr 2018-ci il tarixində Bolqarıstanın Elmlər Akademiyasının Etnologiya və Folklor İnstitutu, Paytaxt Bələdiyyəsi və “Trakyalıların yolu” fondunun birgə təşkilatçılığı ilə keçirilən “Xalça Yolu” adlı incəsənət instalyasiyasında Azərbaycan xalçaları nümayiş etdirilib. Sofiyanın mərkəzində yerləşən və insanların istirahəti üçün gözəl məkanlardan olan Etnoqrafiya Muzeyinin parkında baş tutmuş bu tədbir “Avropa İrs Günləri – Sofiya 2018” proqramına daxil edilib.

21-23 sentyabr 2018-ci il tarixində isə Bolqarıstanın “Hərbi Akademiyası” parkında “Trakyalıların yolu” fondu tərəfindən təşkil edilmiş “Ənənələrin canlı alovu” adlı festivalda ölkəmizin xalçaçılıq sənəti ilə bərabər ziyarətçilərə Səfirlik tərəfindən hazırlanmış stenddə çay içmə mərasimi nümayiş etdirilib. Tədbir iştirakçılarına Azərbaycanda ənənəvi olaraq armudu stəkanda samovar çayının içildiyi, qara çayın ölkəmizin cənub regionlarında yetişdirildiyi, çayın dəmləmə üsulu və çay süfrəsinin bəzədilməsi barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda aparılan arxeoloji qazıntılar nəticəsində erkən dəmir dövrünə aid tuncdan hazırlanan samovar nümunəsi aşkar olunub. Şəkidə tapılmış ən qədim samovarın 3700 il yaşı olduğu və onun 2000 il yaşı olan qədim Misir samovarından da qədim olduğu diqqətə çatdırılıb. Stend ziyarətçilərinə limonlu samovar çayı, Azərbaycan şirniyyatları və çərəz paylanılıb.

Hər iki tədbirin iştirakçıları həmçinin Azərbaycan xalçalarının xüsusiyyətləri barədə məlumatlandırılıb. Ölkəmizin müxtəlif regionlarında toxunan xalçaların naxış, kompozisiya və rəng çalarlarına görə fərqləndiyi qeyd olunaraq, xalça istehsalında ən çox Bakı, Qarabağ, Şirvan, Quba, Qazax və Gəncə regionların tanındığı tədbir iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir iştirakçıları Azərbaycanın tarixi, adət-ənənələri, turizm potensialı və görməli yerləri barədə məlumatlandırılıb.

Tədbirlərdə həmçinin Bolqarıstan, İran, Mərakeş və Cənubi Amerika regionunun xalçaları, eləcə də Bolqarıstan və İndoneziyanın sənət nümunələri, mətbəx, musiqi, rəqslər və milli geyimləri nümayiş etdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər