9 Oktyabr 2018 19:59
816
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfər edib. O, burada bir sıra görüşlər keçirib. Qəribədir ki, Anna Akopyan işğal ərazilərindən sülh çağırışları edir və qəribə bir formada münaqişənin dinc yolla həllindən danışır.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloq hesab edir ki, Ermənistan Azərbaycanın işğal ərazilərinə qanunsuz səfərlər təşkil etməklə, münaqişənin dinc yolla həll yolunu bağlaya bilər:

“Anna Akopyan minlərlə azərbaycanlının qanının tökdüldüyü ərazilərdən şəhidlərimizin analarına səslənir və deyir ki, münaqişə dinc yolla həll edilsin. O, Sankt-Peterburqdakı görüşündə də, bu fikirləri səsləndirərək, erməni əsgərlərin analarının müharibəyə qarşı olduqlarını bildirmişdi. Düzdür, Akopyanın bu çağırışı normaldır, əlbəttə heç bir ana qanın tökülməsini, övladının həlak olmasını istəmir. Lakin Ermənistan rəsmiləri Qarabağa qanunsuz səfərlər təşkil etməklə, münaqişənin danışıqlar yolu ilə həll prosesini zərbə altında qoyurlar.

Hesab edirəm ki, Anna Akopyan çıxışında “sülh göyərçini” təsiri bağışlasa da, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dilinə gətirmir. Nə Anna, nə də Nikol demir ki, təcavüzkar tərəf Ermənistandır. Bu həqiqətləri heç vaxt dillərinə gətirmirlər”.

Ramiyə Məmmədovanın qənaətinə görə, Anna Akopyanın çıxışı Ermənistanın daxili auditoriyasına hesablanıb: “Bu çıxışın Ermənistan daxilində gedən ictimai-siyasi proseslərlə əlaqədar olduğunu düşünürəm. Anna Akopyanın həyat yoldaşı da bilir ki, Ermənistandakı vəziyyət acınacaqlıdır. Qənaətimə görə, Dağlıq Qarabağ münaqişəsinin həlsiz qalması, Ermənistana yaxşı heç nə vəd etmir.

Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Qarabağ məsələsi həll olunmadan heç nəyə nail ola bilməyəcək. Son zamanlarda Rusiya ilə münasibətlərin də problemli olduğunu nəzərə alsaq, düşünürəm ki, Anna Akopyanın bu fikirləri Ermənistan daxilində baş qaldıran narazılığı sakitləşdirməyə hesablanıb. Əlbəttə, Akopyan da həyat yoldaşının kürsüdən düşməsini istəmir. Buna görə də o, ölkənin birinci xanımı kimi bu istiqamətdə addımlar atmağa çalışır. Addımlarının davamı kimi də Ermənistanı sülhsevər dövlət kimi tanıtmağa cəhd edir. Lakin onun bu səyləri beynəlxalq səviyyədə işğalçı kimi tanınmış Ermənistanın imicini dəyişdirmək gücünə deyil”.

Qeyd edək ki, Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan bir qrup rusiyalı qadın ictimai xadimlə birlikdə Azərbaycanın işğal altındakı ərazilərinə, qoşunların təmas xəttinə gəlib və sülh çağırışı edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər