Silahdaşları onun məzarını ziyarət edəcəklər; Almurad Əliyev: “Kim tədbir keçirir-keçirsin, mənim üçün hamı birdir...”
Bu gün sabiq prezident Əbülfəz Elçibəyin vəfat günüdür. Elçibəyin qardaşı Almurad Əlıiyev anım günü münasibətilə eks-prezidentin məzarının ziyarət olunacağını vurğuladı.
Ayrı-ayrı partiyaların bu münasibətlə Xiyabana toplaşacaqlarını qeyd edən Almurad bəy istəyir ki, bu tədbir dövlət səviyyəsində də keçirilsin: “Kim tədbir keçirir-keçirsin. Mənim üçün hamı birdir. Heç bir fərq qoymuram”.
Elçibəyin irsinin toplanması işlərinin nə yerdə qalmasına gəldikdə, A.Əliyev dedi ki, hazırda Bəyin haqqında bir kitab nəşrə hazırlanır: “Elçibəylə bağlı olan nə vardısa, hamısı toplanıb və evindədir”. Qardaşı dedi ki, Elçibəyin ev muzeyinin yaradılması və əşyaların ora toplanması da çox yaxşı olardı.
Avqustun 22-də Müsavat Partiyasının rəhbərliyi 22 avqust saat 11.00-da Fəxri Xiyabana toplaşacaq. Başqan müavini Gülağa Aslanlı bu barədə məlumat yayıb. Bildirib ki, arzu edənlər tədbirdə iştirak edə bilərlər. AXCP və digər partiyaların da anıt mərasimi keçirəcəyi barədə xəbər var.
Qeyd edək ki, avqustun 22-də Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin vəfatından on dörd il keçir. Bu tarix Elçibəyin anım günü kimi qeyd olunur. Bu tarixdə Elçibəyin siyasi mübarizə yoldaşları və yaxınları onun Fəxri Xiyabandakı abidəsi önündə anım mərasimi keçirir.
Əbülfəz Əliyev (Elçibəy) iyunun 24-də 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kələki kəndində anadan olub. Ötən sərin 80-ci illərinin sonlarında başlanan xalq azadlıq hərəkatının liderlərindən biri olub. O, Xalq Cəbhəsinin sədri kimi 1992-ci il iyunun 7-də Azərbaycanın prezidenti seçilib. 1993-cü ilin iyununda baş vermiş qiyam nəticəsində Bakını tərk edərək anadan olduğu Kələki kəndinə gedib, 4 il 4 ay orada yaşayıb. 2000-ci ilin avqustun 22-də 63 yaşında vəfat edib.
Allah rəhmət eləsin!
Musavat.com