Sabitlik, təhlükəsizlik və inkişaf ötən 15 ili xarakterizə edən əsas ifadələrdir. Sözün həqiqi mənasında son 15 il ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürməkdədir. Azərbaycan bu gün müsəlman dünyasında bir sabitlik adası kimi məşhurdur.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyası Beynəlxalq Əlaqələr Komissiyasının katibi Elman Nəsirov bildirib.
Onun sözlərinə görə, təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın:
“Prezident İlham Əliyev üçün hər şeydən ümdə olan məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin başçısı İlham Əliyev çətin, lakin şərəfli yolu seçib. Bu yol bizə ulu öndər Heydər Əliyevdən miras qalıb. Məhz bu yolla getdikdə xalq öz taleyinin sahibi olur. Məhz bu yol yeganə düzgün yoldur. Məhz bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır”.
E.Nəsirov bildirib ki, bu yolda iqtisadi müstəqillik həlledici amildir:
“İqtisadi müstəqilliyimiz siyasi müstəqilliyimizi şərtləndirir. Bu bir həqiqətdir ki, Prezident İlham Əliyev tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın minimuma endirilməsi, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq müəyyən edilib. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün seçilməsi nəticəsində Azərbaycan hətta dünya maliyyə-iqtisadi böhranı illərində belə analoqu olmayan iqtisadi inkişaf tempinə malik olub.
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə koməkçisi - şöbə müdiri, professor Əli Həsənovun Prezident İlham Əliyevin 15 illik prezidentlik dövrünün dərin elmi-analitik təhlilini apardığı “On beş illik prezidentlik dövrünün möhtəşəm zəfər salnaməsi” sərlövhəli məqaləsində qeyd olunduğu kimi, son 15 il ərzində ölkəmiz öz müstəqilliyini daha da möhkəmləndirib, sosial-iqtisadi, siyasi-diplomatik və hərbi quruculuq sahələrində çox böyük uğurlara imza atıb. Görkəmli dövlət xadimi Əli Həsənov təkzibedilməz faktlara və arqumentlərə əsaslanaraq qeyd edir ki, 15 il ərzində ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı 2,8 dəfə, sənaye 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. 2004-cü ildə ölkənin valyuta ehtiyatları 1,8 milyard dollar təşkil edirdisə, hazırda bu göstərici 45 milyard dollara çatıb. 15 il ərzində ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq sərmayə qoyulub ki, bunun da təxminən yarısını xarici investisiyalar təşkil edir.
Prezident İlham Əliyev hələ 15 il əvvəl bəyan etmişdi ki, prezident seçiləcəyi təqdirdə regionların inkişafına prioritet məsələ kimi baxacaq. Prezident İlham Əliyevin bu istiqamətdə atdığı mühüm addımlar onun sözü ilə əməlinin eyni gücə malik olduğunu növbəti dəfə təsdiqlədi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı artıq 3 Dövlət Proqramı qəbul olunub və onların uğurlu icrası təmin edilib”.
E.Nəsirov bildirib ki, Prezident İlham Əliyevin 15 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərib:
“Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılıb. Başqa sözlə, Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxvektorlu və balanslı xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq çevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin təbirincə desək, “Prezident İlham Əliyev dünya siyasətinə təsir gücünə malik beynəlxalq aktor statusunda dövlət başçısıdır”. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezident İlham Əliyev harada çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da belə, sözünün mənası və çəkisi böyükdür. Qətiyyəti, iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bu günə kimi bağlıdır. Onların açılması bağlanmasına səbəb olan amillər aradan qaldırıldıqdan sonra mümkündür. Bu hər iki qardaş dövlətin rəhbərləri olan İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış ortaq mövqeyidir”.
Deputat qeyd edib ki, heç şübhəsiz, əgər Ermənistanın Azərbaycana təcavüzü və etnik təmizləmə siyasəti olmasaydı Prezident İlham Əliyevin rəhbərliyi altında son 15 ildə həm daxili, həm də xarici siyasətdə qazandığımız uğurların miqyası daha da böyük olardı:
“Münaqişənin hələ də həllini tapa bilməməsi reallığına baxmayaraq, Azərbaycanın son 15 il ərzində konfliktin həlli prosesində siyasi, diplomatik və hərbi üstünlüyü təmin edilib. Əvvəla, Ermənistanın bütün çoxsaylı cəhdlərinə baxmayaraq, heç bir beynəlxalq subyekt, o cümlədən rəsmi İrəvanın özü də separatçı rejimin müstəqilliyin tanımayıb. Bu, Azərbaycanın mühüm siyasi üstünlüyüdür. İkincisi, Ermənistanın separatçı rejimdə keçirdiyi son qondarma referendumun nəticələrini heç bir dünya dövləti və ya beynəlxalq təşkilat qəbul etməyib. Bu, əslində beynəlxalq birliyin Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etməsinin bariz nümunəsidir. Bu, eyni zamanda Azərbaycanın diplomatik üstünlüyü deməkdir. Nəhayət, 2016-cı ildə Ermənistan silahlı qüvvələrinin aprel avantürası onların məğlubedilməzliyi haqqında mifin bir neçə gün ərzində Azərbaycanın şanlı ordusunun əks həmləsi ilə darmadağın edilməsinə gətirib çıxartdı. Bu qələbə Azərbaycan ordusunun hərbi texniki təchizatı və döyüş ruhunun ən yüksək səviyyədə olduğunu bütün dünyaya nümayiş etdirdi. Deməli, münaqişənin tənzimlənməsi prosesində Azərbaycanın hərbi üstünlüyü də təmin edilib. Bu, bir həqiqətdir ki, Azərbaycan ordusu dünyada ön güclü 50 ordu sırasındadır. Azərbaycan paytaxtında keçirilmiş son iki hərbi parad bu həqiqəti növbəti dəfə təsdiqlədi. Azərbaycanın milli hərbi sənaye kompleksi formalaşıb. Son illər ərzində ölkəmizdə 20 hərbi zavod tikilib istifadəyə verilib”.
E.Nəsirov əlavə edib ki, dövlət iki halda beynəlxalq güclərin təzyiq obyektinə çevrilir:
“Birinci hal dövlət zəif olanda baş verir. Həmin dövlətin ilk növbədə ərazi bütövlüyü və suverenliyi böyük təhlükə altına düşür. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan analoji vəziyyəti yaşayıb. İkinci hal isə, nə qədər paradoksal səslənsə də, dövlət güclü olanda labüdləşir. Azərbaycan bütün parametrlərə görə regional gücə-liderə çevrilib. Deməli, bu reallığı qəbul edə bilməyən beynəlxalq qüvvələrin və onların miskin əlaltısına çevrilmiş daxili qaragüruhçu seqmentin naqis planlarını alt-üst etmək üçün indi daha güclü milli həmrəyliyə sahib olmalıyıq. Son 15 il ərzində ölkəmizdə siyasi sabitlik və innovativ inkişafın, davamlı iqtisadi yüksəlişin, nizami və güclü ordu quruculuğu prosesinin, demokratik islahatların, müasirləşmənin, uğurlu xarici siyasətin və pozulmuş ərazi bütövlüyümüzün bərpası naminə fədakar mübarizənin təşəbbüskarı və təminatçısı olan Prezident İlham Əliyev ətrafında daha sıx və monolit birlik nümayiş etdirməliyik. Bu, zamanın çağırışıdır”.
Qeyd edək ki, oktyabrın 15-də dövlət başçısı İlham Əliyevin birinci müddətə Azərbaycan Prezidenti seçilməsindən 15 il ötür.