16 Oktyabr 2018 12:42
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezidentin şəhid ailələrinə 11 min manat sığorta haqqının ödənilməsi barədə sərəncamı çox yüksək addımdır. Biz hər birimiz buna görə sevindik. Amma əksər şəhid ailələri bu imkandan yararlana bilmir. Müvafiq qurumlar onlara deyir ki, 90-cı illərdə “Azərisığorta”dan 50 min manat kompensasiya verilib. Şəhid ailələri isə bu pulu almadıqlarını deyirlər.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.

Deputatın sözlərinə görə, dövlət qurumları elə vəziyyət yaradıb ki, bu vəsaitlərin verilib-verilmədiyini vətəndaş özü sübut etməlidir: “Bu, doğru yanaşma deyil. Həmin qurumların özünün arxivi olmalıdır. Dövlət qurumları funksiyalarını yerinə yetirmirlər və şikayətçiləri Milli Məclisə yönəldirlər. Bəlkə də bu insanların sayı çox deyil. Amma onların narazılığına cavab verməlidir. Ola bilər ki, onların arasında kimlərsə haqsızdır, lakin istənilən halda vətəndaşların müraciətləri dövlət tərəfindən araşdırılmalıdır”.

F.Mustafa qeyd edib ki, zamanında Daxili İşlər Nazirliyinin hərbi birləşmələri tərkibində döyüşlərdə iştirak edən şəxslər olub: "Lakin indi onların ailə üzvlərinə deyirlər ki, bu şəxslər şəhid statusuna malik deyil. Bunu əsas gətirərək bildirilər ki, sizə kompensasiya verilə bilməz. Ancaq bu ailələr şəhid ailəsi kimi güzəştlərə malikdir. Qeyd edim ki,1990-cı illərdə verilən 50 min manat o dövrün şərtlərinə görə böyük pul olmayıb. Hesab edirəm ki, şəhid ailələrinə bu kompensasiya verilməlidir”.

Qeyd edək ki, deputat Zahid Oruc, Qənirə Paşayeva və Aqil Abbas Fazil Mustafanın fikirlərini müdafiə edib.


Müəllif: Cavad

Oxşar xəbərlər