Azərbaycan bu cür forumlara ev sahibliyi etməklə yalnız öz milli maraqları deyil, bütövlükdə dünyanın maraqlarına nə qədər böyük töhfə vermək imkanına malik olduğunu sübuta yetirir.
Teleqraf.com bildirir ki, bu sözləri Milli Məclisin vitse-spikeri Bahar Muradova Dayanıqlı İnkişafa dair Bakı Forumu çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclər, qadınlar, parlament, vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərin rolu barədə interaktiv müzakirə” adlı paneldə çıxışı zamanı deyib.
Vitse-spiker deyib ki, Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün bir sıra addımlar atıb. Onun sözlərinə görə, Dayanıqlı İnkişaf Məqsədləri rakursundan baxdıqda Azərbaycanda bir çox problemlər həll olunub:
“Azərbaycanda qanun yaradıcılığı prosesində Dayanıqlı İnkişaf Məqsədlərinin yerinə yetirilməsinə daha tez çatmaq üçün qanunlarda müddəalar təsbit olunur. Azərbaycanın dövlət büdcəsinin sosial yönümlü olması bu məqsədlərə çatmaq prosesini sürətləndirir. Hesab edirəm ki, Azərbaycan parlamenti bu istiqamətdə öz vəzifəsini layiqincə yerinə yetirməkdədir”.
B.Muradova Azərbaycan ərazisinin 20 faizinin erməni işğalı altında olduğunu xatırladıb, bir milyondan artıq qaçqın və məcburi köçkünün olduğunu deyib:
“Amma Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ciddi işlər görür və parlament də bu istiqamətdə vacib qanunlar qəbul edib”.