Azərbaycan hökumətinə Bakıda belə bir forum keçirdiyi üçün təşəkkür edirəm. Dayanıqlı ərzaq təminatı çox vacibdir. Avstriyanın Təbii Elmlər Universiteti ilə əməkdaşlıq etməklə Azərbaycanın texniki potensialının imkanlarını öyrənmişik. Bizim Bakıda və regionlarda milli seminarımız olacaq.
Teleqraf.com az xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan ofisinin rəhbəri Mələk Çakmak Dayanıqlı İnkişafa Dair Bakı Forumu çərçivəsində çıxışı zamanı deyib.
O, bildirib ki, dayanıqlı ərzaq və kənd təsərrüfatının əsaslarını yaratmaq lazımdır: “Biz Azərbaycanda dayanıqlı inkişafı təmin etməyin yollarını öyrənirik. Bu, Azərbaycan hökumətinin gündəliyi ilə üst-üstə düşür. Ərzaq təminatı məssələsini də nəzərdən qaçırmaq olmaz. FAO kənd ərazilərində yoxsulluğun azaldılmasına çalışır. Kənd ərazilərində yerləşən insanların 70 faizi yoxsul olur. Dayanıqlı inkişafın məqsədləri baxımından aclıq və ərzaq təminatı məsələsi çox mühümdür. Biz görürük ki, dünyada nə qədər kənd təsərrüfatı məhsulları zay olur və ərzaqlar tullanır. Bu məsələləri də müzakirə etmək olar. Biz iqlim dəyişikliyi məsələsində əlimizdən gələni əsirgəməməliyik. 2030-cu illərin məqsədlərinə nail olmaq üçün kənd təsərrüfatı sahəsi xüsusi əhəmiyyət daşıyır”.