Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin “Şimal Elektrik Stansiyası”nda yanğın təhlükəsizliyinə dair praktiki dərs və təlim keçirib, təbliğat işi aparıb.
Teleqraf.com xəbər verir ki, yanğın təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə keçirilən tədbirdə Stansiyanın əməkdaşlarına çalışdıqları müəssisədə mövcud olan yanğından mühafizə vasitələrindən istifadə vərdişləri, düzgün davranış qaydaları barədə bilgilər verilib.
Tədbirdə energetika müəssisələri tərəfindən müvafiq normativ xarakterli aktlara uyğun olaraq yanğına qarşı tədbirlərin yerinə yetirilməsinin keyfiyyətli şəkildə təmin edilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, hər bir energetika müəssissinin struktur bölmələrinin rəhbərləri, həmçinin yanğın təhlükəsizliyinə cavabdeh şəxslər onlara tapşırılmış sahələrdə yanğına qarşı müəyyən olunmuş rejimə və qaydalara düzgün riayət etməlidirlər. Həmçinin qeyd olunub ki, yanğının aşkar edilməsi və söndürülməsi üzrə bütün vasitələr saz vəziyyətdə saxlanmalıdır.
Təlimdə yanğın zamanı ilkin hərəkətlər, ilkin tibbi yardım göstərilməsi qaydaları fəhlə və qulluqçular tərəfindən əyani nümayiş etdirilib.