31 Oktyabr 2018 17:00
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Uşaq və gənclərin mənəvi inkişafı: necə və nə etməli?” mövzusunda konfrans keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Bakı şəhərinin Yasamal və Nərimanov rayonlarının ümumtəhsil məktəblərinin direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, “Həyat bilgisi” fənnini tədris edən müəllim və məktəb psixoloqları iştirak edib.

Konfransı giriş sözü ilə açan Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov təmsil etdiyi orqanın fəaliyyəti barədə məlumat verərək DQİDK-nın dini etiqad azadlığının həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılması, eləcə də dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarətin təmin edilməsi kimi vəzifələrinin olduğunu bildirib. Vurğulayıb ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dövlət orqanları, o cümlədən Təhsil Nazirliyi ilə əməkdaşlıq edir.

Gündüz İsmayılov dini radikalizmə qarşı mübarizədə ardıcıl, sistemli və intensiv maarifləndirmənin mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, bu sahədə yad dini-ideoloji təsirlərin qarşısının alınması istiqamətində ənənəvi islam dəyərlərinin təbliği mühüm rol oynayır. Çünki ənənəvi islam dinin siyasiləşməsinə, bölücülüyə haqq qazandırmır. Dinin siyasiləşdirilməsi yol verilməzdir və bu, bizim qarşımıza qoyduğumuz hədəflərdən biri olmalıdır.

Gündüz İsmayılov təəssüflə qeyd edib ki, bəzi dairələr tərəfindən məqsədli şəkildə milli kimliyimizlə dini kimliyimiz qarşı-qarşıya qoyulur.

DQİDK-nın sədr müavini zərərli dini təbliğatdan qorunmaq üçün hər kəsin, xüsusilə gənclərin ümumi dini biliklərə malik olmasının önəminə də toxunub.


Müəllif: Cavad

Oxşar xəbərlər