Təzə mövsümə yeni nəfəslə başlayan və bir çox maraqlı layihələri Azərbaycan efir məkanına gətirən İctimai Televiziya və Radio Yayımları Şirkətinin “90-FM” radiostansiyası test rejimini yekunlaşdıraraq ilk verilişinə başlayıb.
Teleqraf.com bildirir ki, bu barədə qurumun İctimaiyyətlə əlaqələr departamenti xəbər yayıb.
Bildirilir ki, bu gündən radioda səhər proqramı dinləyicilərə təqdim olunub.
“Adicə” adlanan səhər şousunun aparıcıları Sevinc Salahova və Gülnar Muradovadır. İnsan münasibətləri haqqında öncül olmağa iddialı səhər verilişində dinləyiciləri həm də fərqli rubrikalar gözləyir. “App-Asan” rubrikasında həyatı asanlaşdıran, maraqlı mobil tətbiqetmələr barədə məlumat veriləcək. Rubrikalardan biri də "Qənaət kraliçası" adlanır. Bu rubrikada dinləyici həyatın müxtəlif sahələrində qənaət etməyin yolları barədə xəbər tutacaq.
Radionun daha bir layihəsi isə indiyədək müraciət edilməyən mövzudadır. "İdarəetmənin əsasları" adlı yeni verilişdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə bu işdə təcrübəsi olanlar tərəfindən məsləhətlər veriləcək.
Yeniliklər sırasında daha bir rubrika isə "Nobel prospekti" adlanır ki, burada Adil Oruclu Nobel mükafatçıları olan şəxslər və onların kəşfinin elmə və insanlığa təsirindən danışacaq.