Dekabrın 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərinin təşkili və keçirilməsi üçün hökumətin ehtiyat fondundan Mərkəzi Seçki Komissiyasına 2,7 milyard dram (5,6 milyon ABŞ dollarına yaxın) ayrılıb. Bu məbləğin böyük hissəsi seçici siyahılarının dəqiqləşdirilməsi və səsvermə bülletenlərin çapı üçün nəzərdə tutulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, Ədliyyə Nazirliyinə Seçki Məcəlləsinin 10 min nüsxədə çapı üçün əlavə 10 milyon dram (20 min dollar) ödənilib. Polis əlavə olaraq 224 milyon dram (təxminən 460 min dollar) alacaq.
Ermənistan baş nazirinin birinci müavini səlahiyyətlərinin icraçısı Ararat Mirzoyan bildirib ki, seçkilər “bahalı əyləncədir, xüsusən də növbədənkənar olanda”. O qeyd edib ki, seçkilərin keçirilməsi üçün ölkə beynəlxalq təşkilatlardan da dəstək alacaq. Belə ki, Avropa İttifaqı oktyabr ayında seçkinin keçirilməsi məqsədilə Ermənistana 3 milyon ayrılmasına qərar verib. Ancaq Brüssel bunun qarşılığında parlament seçkilərinin şəffaf və beynəlxalq standartlara uyğun keçirilməsi şərtini irəli sürüb.
“Seçkilərin təşkili və keçirilməsi üçün nəzərdə tutulan məbləğdən başqa Ermənistan BMT-nin himayəsi altında beynəlxalq və donor təşkilatlarından da dəstək alacaq. Bu vəsait əsasən müşahidə kameralarının quraşdırılmasına, maarifləndirici materialların çapına sərf ediləcək”, – deyə A.Mirzoyan bildirib.
Qeyd edək ki, bu ilin yazında etibarən Ermənistan parlament üsul-idarəsinə keçib. Ancaq bundan dərhal sonra ölkədə “məxməri inqilab” baş verib. Parlamentdə çoxluğa sahib olmayan siyasi qüvvə hakimiyyətə gəlib. Bu siyasi qüvvənin lideri Nikol Paşinyan baş nazir olub, amma parlamentdə çoxluq təşkil edən Respublika Partiyası dəfələrlə onun qərarlarına maneçilik törədib.
Ermənistandakı siyasi ekspertlər bildirirlər ki, mövcud parlament xalqın iradəsini əks etdirmir.
Ancaq məsələ ondadır ki, 2017-ci il aprelin 2-də keçirilən parlament seçkisində Respublika Partiyası qələbə qazanıb və beynəlxalq ictimaiyyət həmin seçkilərin standartlara uyğun keçirildiyini bəyan edib. Bu ilin yazında isə “məxməri inqilab” baş verib və xalq bir il öncə seçdiyi hakimiyyəti devirib. Burdan gəlinən qənaət ondan ibarətdir ki, 2017-ci il seçkiləri azad, ədalətli və şəffaf keçirilməyib. Eyni zamanda beynəlxalq ictimaiyyətin seçkinin standartlara uyğun olması barədə dedikləri də ciddi suallar doğurur.
Onu da qeyd edək ki, növbədənkənar parlament seçkiləri “inqilabçı hakimiyyət” üçün parlamentdə çoxluğa nail olmaq şansıdır. Elə seçkinin fovariti də Nikol Paşinyanın “Mənim addımım” bloku hesab edilir.