19 Noyabr 2018 16:39
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədə Rusiya Jurnalistlər İttifaqının ölkəmizdə səfərdə olan sədri Vladimir Solovyov və MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov imza atıb.

Teleqraf.com xəbər verir ki, bu münasibətlə MŞ-də keçirilmiş mərasimdə çıxış edən Ə.Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətlərindən söz açıb.

Şuranın şikayətləri araşdırma təcrübəsi, həyata keçirdiyi tematik tədbirlər barədə məlumat verən MŞ sədri həmçinin Azərbaycanda söz və ifadə azadlığı sahəsindəki vəziyyətin xarakterik xüsusiyyətlərinə diqqət çəkib. Ə.Amaşov MŞ-nin beynəlxalq əlaqələri barədə də məlumat verib və bildirib ki, Rusiyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya jurnalist səfərləri gerçəkləşdirilməkdədir. Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasındakı əməkdaşlıq memorandumu bu prosesin daha təkmil formada reallaşdırılmasını təmin edəcək, eyni zamanda faydalı nəticələr verəcək.

Rusiya Jurnalistlər İttifaqının sədri V.Solovyov da əməkdaşlıq memorandumunun iki ölkənin media qurumları, eləcə də jurnalistləri arasındakı təmasın daha sistemli şəkildə qurulması üçün etibarlı baza rolunu oynayacağına əminliyini vurğulayıb. O, habelə rəhbərlik etdiyi qurumun fəaliyyətindən danışıb və bildirib ki, Rusiya Jurnalistlər İttifaqı Avropanın ən böyük jurnalist təşkilatlarındandır. Tərkibində 100 min nəfəri birləşdirən ittifaqda 82 regional təşkilat, 40 yaradıcılıq birliyi, assosiasiyası təmsil olunur.

Qeyd edək ki, Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq memorandumunda jurnalistlərin və KİV nümayəndə heyətlərinin biri-birinin fəaliyyəti ilə tanış olmaları üçün qarşılıqlı səfərlərin təşkili, təcrübə mübadiləsi, birgə layihə və proqramların həyata keçirilməsinə dəstək göstərilməsi, jurnalistikaya dair təlim vasitələrinin hazırlanmasında və nəşrində birgə iştirak, hər iki ölkənin, eləcə də digər maraqlı ölkələrdən olan tərəflərin iştirakı ilə konfranslar, treninqlər, müsabiqə və seminarlar təşkil etmək, qarşılıqlı maraq doğuran məsələlərdə informasiya mübadiləsi aparmaq və sair məqamlar nəzərdə tutulub.


Müəllif: Səxavət

Oxşar xəbərlər