21 Noyabr 2018 10:50
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 21-də Bakıda Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia ilə görüş keçirir.

Teleqraf.com-un məlumatına görə, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılır.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli toplantısı bizim dövlətlərin strateji səviyyədə əməkdaşlığının bariz nümunəsidir.

Müdafiə naziri bildirib ki, artıq üçüncü dəfədir ki, bu toplantı keçirilir:

"Toplantının əsas məqsədi bölgədə sabitliyin və sülhün bərqərar olmasına, 3 dost qonşu dövlətin həyata keçirdiyi strateji iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, 3 dövlətin silahlı qüvvələrinin əməkdaşlığının dərinləşməsinə töhfə verməkdir. Əminəm ki, bu toplantı yüksək səviyyədə keçiriləcək".

Həmçinin, Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia deyib ki, Azərbaycan, Gürcüstan və Türkiyə əlaqələrinin əlaqələrinin böyük tarixi var.

O bildirib ki, hər üç dövlət regionda strateji tərəfdaşdır: "Strateji tərəfdaşlıq çərçivəsində hərbi əməkdaşlığımız da çox mühümdür. Regional layihələrin təhlükəsizliyinin təmin edilməsi baxımından əməkdaşlıq uğurla davam edir. Biz başa düşürük ki, bu, çox əhəmiyyətli görüşdür".


Müəllif: Teleqraf.com