"Əmək pensiyaları haqqında" qanun layihəsinə bir sıra dəyişikliklər Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsi ilə bağlı millət vəkili Hadı Rəcəbli məlumat verib.
H.Rəcəbli bildirib ki, qanunda bir sıra vacib dəyişiklik olacaq.
Millət vəkili qanundakı ən vacib məqamlara diqqət çəkib:
“Hazırkı qanunda bir sıra qurumların əməkdaşlarının mükafatlardan, cərimələrdən qazandığı müavinətlər də sığortaya cəlb edilir. Həmin şəxslərin əmək haqqından 12 dəfə artıq vəsait pensiya fonduna toplanır. Bu məbləğ əsasında həmin şəxslər pensiya alır. Nəticədə, bu qrup şəxslər vəzifəli şəxsdən 10 dəfə artıq pensiya almış olur. Qanuna təklif edilən bu dəyişikliklərə əsasən, büdcədənkənar vəsaitlər hesabına ödənişlər pensiya hesablananda nəzərə alınmayacaq. Çünki hazırkı durumda ədalət prinsipi pozulur. Digər dəyişiklik pensiya stajı ilə bağlıdır. Ölkədə 25 il əmək stajı toplamayan şəxs pensiyaya çıxa bilmirdi, bu müddət tamam olana qədər işləyirdi. Bununla da onun pensiya hüququ pozulurdu. Lakin artıq qanunda bu maddə dəyişir. Bu dəyişiklikdən sonra 100 minə yaxın pensiya yaşı çatan şəxsin pensiya hüququ bərpa edilmiş olacaq”.