Azərbaycanda dövlət siyasətinin tərkib hissəsi olan düzgün sosial siyasət nəticəsində vətəndaşların sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına çalışılır. Dövlət həmçinin hərbçilərə dəstək verməklə, onların maddi-məişət şəraitini yaxşılaşdırmaqla ordumuzun daha da güclü olmasını təmin edir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O qeyd edib ki, hərbçilərə mənzil verilməsi də bu baxımdan istisnalıq təşkil etmir:
“Çünki güclü ordunun zabitləri mənzil problem yaşamamalıdır. Onlar tam arxayın şəkildə hərbi quluğunu yerinə yetirməli və hər zaman dövlətin, ölkənin müdafiəsində dayanmalıdır. Yəni, hərbçilərə göstərilən yüksək diqqət o deməkdir ki, Azərbaycan hərbçisinin ailəsi dövlət qayğısı ilə əhatə olunub. Belə bir hal region ölkələrinin heç birində yoxdur. Azərbaycan dövlətinin öz hərbçisinin qayğısına qalması, onu qayğı ilə əhatə etməsi, dəstək göstərməsi çox yüksək qiymətləndirilir və dəstəklənir”.
A.Badamov qeyd edib ki, həlak olmuş şəxslərin vərəsələrinə 11 min manat birdəfəlik müavinət ödənilməsi dövlətin, dövlət başçısının nəzərindən heç nəyin qaçmadığını göstərir:
“Yəni, dövlət başçısı hər bir vətəndaşa, hər bir vətəndaşın ailəsinə çox böyük qayğı ilə yanaşır. Son həyata keçirilən tədbirlər də bunu deməyə imkan verir. Bu gün Azərbaycanın hər bir vətəndaşına qayğı göstərilirsə, hər bir bir Azərbaycan vətəndaşının ailəsinə necə qayğı ilə yanaşılırsa, eyni ilə Azərbaycan hərbçilərinə də eyni qayğı gösərilir. Onlar mənzillərlə təmin olunur. Bu da təbii ki, ailə üzvü cəbhədə həlak olmuş insanların sosial vəziyyətinin daha da yaxşılaşmasına imkan verir”.
Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Sabunçu rayonunda hərbçilərə yeni mənzillərin verilməsi mərasimində iştirak edib. Dövlət başçısı görüşdə çıxış edib.