19 Dekabr 2018 20:30
1 469
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın Türkiyəyə “Patriot” sistemlərinin satışına icazə verməsi, Amerika və Türkiyə prezidentləri arasında baş tutan danışıqların nəticəsidir. Bundan əlavə, bir neçə səbəb var ki, buna görə də Vaşinqton bu raketlərin satışına “yaşıl işıq” yandırdı”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə Suriya məsələsi üzrə strateji tərəfdaşlığı ABŞ-ı geri addım atmağa məcbur edən amillərdən biridir:

“Başqa bir tərəfdən isə, Rusiyanın Türkiyəyə “S-400” sistemləri satması da, ABŞ-ı narahet edirdi. Bu da Vaşinqtonun “Patriot”ları Türkiyəyə verməyə məcbur etdi. Bura qədər isə Türkiyə dəfələrlə ABŞ-dan bu raket sistemlərini almaq istəsə də, Vaşinqton bunda maraqlı olmayıb.

Lakin buna baxmayaraq, Türkiyə Rusiyadan “S-400” raketlərinin alışını davam etdirəcək. Amma yeni hərbi-texniki müqavilələrin bağlanmasına getməyəcək. ABŞ-ın istədiyi də, Rusiyanın silah satışına mane olmaqdır. Çünki silah bazarında ABŞ-ı sıxışdıran Rusiya bununla Amerikaya ağır iqtisadi zərbə vura bilir. Bu məqsədlə də, Vaşinqton satışını təxirə saldığı “F-35” qırıcılarının da, Türkiyəyə satışına razı ola bilər”.

M.Əsədullazadə qeyd edib ki, ABŞ-ın regionda etdiyi strateji səhvləri öz əleyhinə yönəldiyi üçün geri addım atmağa başlayıb.

Politoloq hesab edir ki, ABŞ-la Türkiyə arasında bərpa olunan silah alqı-satqısı Azərbaycanın maraqlarına cavab verir:

“Bir müddətdən sonra ABŞ ölkəmizə də silah sata bilər”.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti “Patriot” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə satışına dair sənədi təsdiqləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər