28 Avqust 2014 12:41
1 271
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İndi başqanlığa iddia edənlər seçki təbliğatına başlayıb. Hər kəs çalışır özünü təbliğ etsin. Ancaq iş ondadır ki, özünü sosial şəbəkələrdə təbliğ etməklə Müsavat Partiyasının məqsəd və məramını açıb ortaya qoymaq olmur. İndi Azərbaycanda sosial şəbəkə xəstəliyi təzahür edir. Bəzi adamlar düşünürlər ki, sosial şəbəkədə qoyulan şəkil effekt verəcək, reytinqini yüksəldəcək".

Bunu Müsavatda başqanlığa namizədliyini irəli sürən Səxavət Əlisoy rəqiblərinin sosial şəbəkədə başlatdığı piar kampaniyasına münasibət bildirərkən deyib. Onun fikrincə, əslində Müsavat yeniləşmiş bir partiya olmalıdır: "Son 20 ildə ancaq şüarçılıq, populist sözlər əsas təşkil edib. Artıq 20 il keçib. Bu siyasi xətt özünü doğrultmadı. Ortaya yeni siyasi xətt qoyulmalıdır. Bu yeni xətti ortaya qoymaq üçün kimlərin sosial şəbəkədən necə istifadə etməsi əsas şərt ola bilməz. Əsas şərt odur ki, başqanlığa iddiası olan şəxslər Müsavat Partiyasını necə görmək istədiyini, hansı təklif və düşüncələrinin olduğunu ortaya qoysun. Hələlik biz bunu müşahidə etmirik, əvəzində özünü3reklam kampaniyasına şahid oluruq. Əsas olan cəmiyyət Müsavatdan nə gözləyir, Müsavat cəmiyyətə nə verəcək məsələsidir. İddialı şəxslər bu barədə danışmalıdır. Ancaq bu haqda danışılmır. Əvəzində biri durub deyir ki, mən artıq başqan seçilmişəm, digəri fotolarını yayır. Düşünürəm ki, bu kampaniya dövrü çox təlatümlü keçəcək. Bəziləri özünü düşündüyünün əksinə olaraq güclü olmadığını dərk edəcək. Mən artıq seçilmişəm deyənlər çox narahatçılıqlar keçirəcək. Təbii ki, son sözü qurultay deyəcək. Mən əminəm ki, Müsavatın qurultayı sürprizlərlə zəngin olacaq".

İddialı namizəd deyib ki, indiyə qədər qurultay nümayəndələrinin səsini qazanmaq üçün açıqlamalar verməyib, ancaq bundan sonra təbliğat aparmağa ehtiyac hiss edir: "Mən qərar verdiyim gündən iş aparıram. Mətbuata sızdırmadan görüşlər keçirir, söhbətlər və müzakirələr aparıram. Bu proses davam edir. Yaxın günlərdə fərqli kampaniya olacaq, yəqin ki, media nümayəndələri ilə görüşüm olacaq və Müsavat Partiyasını necə görmək isstədiyimizi açıqlayacağam. Hazırda rayon təşkilatlarında olan dostlarla əlaqələr saxlayıram. Açığını da deyirəm ki, partiyada populizm xətti tutan müsavatçılardan səs istəmirəm. Mən millətçilik yoluna üstünlük verir, hesab edirəm ki, hər bir millət formalaşması üçün millətçi yolu keçməlidir. Mən Müsavatın başqanı türk olmalıdır deyəndə bəziləri bundan mənə qarşı istifadə etməyə başladı. Mənim əlimdə qurultay nümayəndələrinin siyahısı var, onların içində azsaylı xalqların nümayəndələri var və mənim sözümü normal qəbul ediblər, bundan incimədiklərini ifadə ediblər. Açıq deyiblər ki, qurultayda sizi dəstəkləyəcəyik".

Səxavət Əlisoy deyib ki, Müsavat Partiyasının tənqiddən kənar saxlanılmasını doğru hesab etmir. Onun fikrincə, əsas olaraq Müsavat Partiya nəyi etdi, nəyi edə bilmədi mövzusunun üzərinə gəlməkdir:

"Burada incimək, küsməklə iş getməz. Məndən fərd olaraq kimsə narazı qala bilər. Amma söhbət siyasi mübarizədən, siyasi strategiya və taktikanın düzgün olub-olmamasından gedir. Mənim qurultayda çıxışım Müsavatdakı intellektual kəsimə hesablanacaq. Bundan rəqiblər başqa cür də istifadə edə bilər, ancaq bu məni maraqlandırmır. Hesab edirəm ki, populizm və şüarçılıq bizim fəaliyyətimiz olmamalıdır. Mən başqanlıqdan getməyi çoxdan düşünürdüm, on il müşavir postu tutmuşam. Gələcəkdə müşavirlikdən getməyimin səbəblərini də açıqlayacağam. Mənim Müsavatda heç kimlə şəxsi qərəzim yoxdur, 20 ilə yaxındır ki, partiya üzvüyəm, heç vaxt da seçkili orqanlarda təmsil olunmağa can atmamışam. Müsavat daxilində müəyyən komandalar var və bu normaldır. Müsavatda bir vahid komanda İsa Qəmbərin rəhbərliyi altında olub, eləcə də kiçik komandalar da mövcud olub. Mən heç zaman kiçik və kimlərinsə komandasında təmsil olunmamışam. Mən hesab edirəm ki, partiya mütləq yenilənməlidir".

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər