Respublikaçı Alternativ (REAL) Hərəkatının qurultaya hazırlıq prosesi səngiyib.
Bu barədə Teleqraf.com-a REAL Məclis başqanı Erkin Qədirli deyib. Onun sözlərinə görə, bu, yay aylarında hərəkatın üzvlərinin tətilə çıxması ilə əlaqədardır: “İdarə Heyəti olaraq biz Bakıdayıq, amma növbə ilə istirəhətə çıxırıq.
Hazırda əsas məsələ humanitar məsələlərlə bağlıdır. İlqar Məmmədovla bağlı humanitar çözüm yolunu düzüb-qoşmuşuq. Hər həftə Şəkidəki təcridxanaya gedirik, yemək aparırıq, ailəsinə yardım edirik. İdarə Heyətimizin başqa üzvü Rəsul Cəfərov həbs olunub və indi onun işləri ilə məşğul oluruq. Aramızda iş bölgüsü aparırıq, kimsə İlqarın yanına gedirsə, başqası Rəsulun yanına dəyir. Yay mövsümü bitir, sentyabrdan əsas iş rejimimizə qayıdacağıq”.
Onun sözlərinə görə, partiya quruculuğunda bir sıra vacib işlər görülüb: “Nizamnamə, proqram layihəsi yazılıb və müzakirəyə çıxarılıb. Üzvlüyə qəbul yayın başlamasına qədər yaxşı gedirdi. Hər gün yazılmağa yeni adamlar gəlirdi. Yayda özümüz üzvlük prosesinə ara verdik, ona görə də temp düşdü. Sentyabrın 2-ci yarısından üzv yazılması yenidən başlayacaq. Gözləmədiyimiz adamlardan marağın oyandığını görürük, şərhlər yazırlar. Şəxsi görüşlərimizdə hiss olunur ki, proqramımızı oxuyublar, suallar verirlər, tənqid ifadə edirlər”.
E.Qədirli söylədi ki, qurultayda partiyanın sədri seçiləcək:
“Partiyamızın eyni zamanda partiya Məclisi tərəfindən seçilən İdarə Heyəti də olacaq. Amma sədrin kimliyi barədə indidən danışmaq çətindir. Bu, partiya daxili seçkilərin nəticəsində bəlli olacaq. Hazırda hərəkatın İdarə Heyətinin sədri İlqar Məmmədovdur və bu, mübahisələndirilmir. Onu İdarə Heyətinin sədri seçəndə 2015-ci ilədək, parlament seçkilərinə qədər seçmişdik. Seçkilərdən sonra İdarə Heyətinə yeni sədr seçkisi olmalı idi. Amma İlqar Məmmədovun həbsi bu müddəti ertələyəcək. Çünki onun həbsdə olduğu müddət fəal sədrliyi müddətinə əlavə olunacaq. 2015-ci il may ayında partiyanın təsis qurultayını keçirsək, partiyanın rəhbər orqanları da qurultayda seçiləcək. İdarə Heyəti də yenilənəcək və genişlənəcək. O zaman sədrin kimliyi məlum olacaq. İndi bu barədə danışmaq çox tezdir, hazırda partiyanın alt yapısını qururuq”.
Kəmalə