Dünən baş verən zəlzələ əsasən Bakının Xətai, Nəsimi, Yasamal rayonlarında hiss olunub. Paytaxtın bəzi ərazilərində təkanların hiss olunmaması həmin ərazilərin seysmik aktivliyi ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu gün keçirdiyi mətbuat konfransında ötən gecə baş vermiş zəlzələ barədə məlumat verərkən deyib.
Q.Yetirmişli bildirib ki, hətta Bakıda bəzi ərazilərdə eyni binada zəlzələyə davamlılıq fərqlidir.
“Bəzi binaların bir qolunun yerləşdiyi ərazidə maksimum 8, digər hissəsində 9 bal gücündə zəlzələ qeydə alına bilər. Ona görə də tikinti aparılarkən hər bir ərazinin seysmikliyi dəqiqləşdirilməlidir. Bəzən eyni yerdə seysmik aktivlik fərqli ola bilir”.
Q.Yetirmişli qeyd edib ki, dünənki zəlzələdən sonra Şamaxı, Qobustandakı vulkan ocaqlarında aktivliyin qeydə alınması gözləniləndir.
O vurğulayıb ki, bu proses həm də vulkandakı proseslə bağlıdır: “Zəlzələnin palçıq vulkanları ilə əlaqəsi araşdırılır. Əgər vulkanda hazırlıq, sıxılma prosesi baş verirsə, o partlayışla püskürməlidir. Təcrübə göstərir ki, vulkana yaxın ərazilərdə zəlzələ baş verəndən sonra püskürmə baş verir. Püskürmə əsasən 1-2 gün sonra müşahidə edilir. Bizim əməkdaşlarımız hazırda ərazidəki vulkanlardakı gətginliyin hansı səviyyədə olduyğun müşahidə edir”.