12 Fevral 2019 14:30
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkədə prezident tərəfindən keçirilən sosial-iqtisadi islahatlar əhali tərəfindən rəğbətlə qarşılanır. Fikrimcə, bu islahatlar bələdiyyələri də əhatə etməlidir. Siyavuş Novruzov qeyd etdi ki, xaos müxalifəti aparılan islahatları öz adına çıxmaq istəyir, guya onların təzyiqi ilə bu islahatlar aparılır. Əslində demokratik qüvvələr bundan pərişan olmamalıdır. Onlar belə şantajla aparılan islahatların dayandırılmasını istəyirlər. Hesab edirəm ki, islahatlar dərinləşdirilməlidir. Xalq prezident tərəfindən aparılan islahatları dəstəkləyir".

Teleqraf.com xəbər verir ki, bu sözləri parlamentdə çıxışı zamanı BAXCP sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyevin sözlərinə görə, müxalifət öz mövcudluğunu qoruyub saxlamaq üçün prezidenti tənqid etməyə cəhd göstərir:

“Məsələn, bir foto veriblər. Prezident gedib açılış tədbirinə və orada 3-4 metr məsafədən insanların qarşısında çıxış edir. Başqa fotoda isə göstərirlər ki, prezident ağbirçək nənənin əlindən öpmək istəyir. Əslində bu epizod əhalini xeyli duyğulandırdı. Çünki nənə prezidentin əlindən öpmək istəyirdi, amma prezident əks addım atdı. Bu hadisə insanları çox sevindirdi. Amma bu insanlar açılış mərasiminə getməklə, faciə baş verən yerə getməyin fərqini anlamırlarsa, deyiləcək söz yoxdur. Hesab edirəm ki, bunun fərqində olmayan insanlara baş qoşmağa dəyməz”.

Millət vəkili daha sonra “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın” illik məruzəsi haqda fikirlərini açıqlayıb:

“Burada qeyd edilib ki, irəliləyişlərə rəğmən bələdiyyələrin fəaliyyətində qüsurlar da var. Qeyd olunur ki, böyük uğurlara, əhəmiyyətli irəliləyişlərə imza atılıb. Axı bələdiyyələrlə bağlı belə söz işlətmək doğru deyil. Bizə bələdiyyələrin nə qədər vergi topladığı, bu maliyyənin nə qədərini aparatı saxlamağa, nə qədərini sosial-iqtisadi problemlərin həllinə sərf edildiyi haqda məlumat verilsəydi, çox müsbət hal olardı. Sənəddə qeyd edilir ki, bələdiyyələr tərəfindən 50 kommersiya qurumu yaradılıb və bunun 50 faizindən çoxu fəaliyyət göstərmir. Hesab edirəm ki, bələdiyyələrlə iş yenidən qurulmalı, yeni yanaşmalar ortaya qoyulmalıdır”.

Deputat bildirib ki, məruzədə Ədliyyə Nazirliyinin Akademiyasında 20 tədris kursu keçirilib, 200-dən çox təlim keçirilib, eləcə də regional treninqlər, xarici ölkələrdə təcrübə mübadiləsi ilə bağlı səfərlərin təşkil edildiyi qeyd edilib.
Bunların hamısı pul, maliyyədir. Bu qədər vəsait xərclənib, təlimlərdə 8133 bələdiyyə üzvü iştirak edib. Əgər 50 kommersiya təşkilatı yaradılıbsa və bunun 50 faizi işləmirsə, onda bu təlimlərin, xərclənən maliyyənin nəticəsi hardadır? Təlimlərdə bələdiyyə üzvlərinə nə öyrədirlər?”.

Q.Həsənquliyev əlavə edib ki, bələdiyyələrin maliyyəsi artırılmalıdır:

“Özü də bələdiyyələr təkcə iqtisadi məsələlər, yerli xarakterli problemlərin həlli ilə məşğul olmamalıdır. Biz bilirik ki, xaos müxalifəti ölkədə siyasi islamın stimullaşdırılması üçün ardıcıl və sistemli iş aparır. Bu şəbəkə daxilində pul uğrunda amansız mübarizə gedir. Bələdiyyə üzvləri isə xalqa, insanlara ən yaxın qurumlardır. Bələdiyyələrin bu istiqamətdə fəaliyyəti olmalıdır.
Bələdiyyələr həm də sosial-iqtisadi layihələr həyata keçirilməlidir. Dövlətə ən böyük xəyanət islamın siyasiləşdirilməsinin legitimləşdirilməsidir ki, Azərbaycanda bu istiqamətdə iş aparılır”.


Müəllif: Cavad