Ölkənin aparıcı kütləvi informasiya vasitələri nümayəndələrinin Dövlət Gömrük Komitəsinin Akademiyası, Kinoloji Mərkəzi və "Azərterminalkompleks" Birliyinə səfəri təşkil edilib.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində həmin qurumların yaranması və fəaliyyəti barədə jurnalistlərə məlumat verilib, onların sualları cavablandırılıb.
Mediatur "Azərterminalkompleks" Birliyi ilə tanışlıqdan başlayıb.
"Azərterminalkompleks" Birliyinin rəisi, gömrük xidməti general-mayoru Ehtiram Xəlilov jurnalistlərə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə danışıb.
Birliyin binasında yerləşən Heydər Əliyev Muzeyində jurnalistlərə ümummilli liderin həyat və fəaliyyətini əks etdirən eksponatlar, ulu öndərin gömrük orqanlarının yaranması və formalaşmasındakı gərgin və misilsiz əməyi barədə məlumat verilib.
Sonra jurnalistlər Birliyin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyi ilə də tanış olublar. Bildirilib ki, muzey müxtəlif vaxtlarda qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməyə cəhd göstərilən və gömrükçülər tərəfindən saxlanılan tarixi eksponatlardan təşkil edilib. 600-dən çox eksponata malik olan muzeydə yalnız Azərbaycanın deyil, Qərbi Avropa, Rusiya, həmçinin Şərq ölkələrinin incəsənətini təmsil edən dəzgah rəssamlığı, heykəltəraşlıq və dekorativ-tətbiqi sənət nümunələri, Qədim Roma, Bizans imperiyası, Səfəvilərin hakimiyyəti dövrünə aid sikkələr, XIX-XX əsrlərə aid "Quran" və "İncil" nüsxələri, ikonalar, müxtəlif dinlərə aid əşyalar toplanıb.
Dövlət Gömrük Komitəsinin Akademiyası barədə məlumatı isə jurnalistlərə Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov çatdırıb.
Bildirilib ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan bu ali təhsil müəssisəsi 2014-2015-ci tədris ilində fəaliyyətə başlayıb. Hazırda Akademiyada hüquqşünaslıq və iqtisadiyyat ixtisasları üzrə 176 tələbə təhsil alır. Akademiya Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzinin binasında yerləşir və burada tələbələrlə yanaşı, gömrük orqanlarında yeni işə qəbul edilənlər də dinləyici qismində gömrük işinin sirlərini öyrənirlər. Qulu Novruzov onu da vurğulayıb ki, tədris prosesində ən müasir metodologiyalardan istifadə edilir və Akademiyanın pedaqoji heyəti əksəriyyəti xaricdə təhsil alan ixtisaslı kadrlardan təşkil olunub. Qulu Novruzov DGKA-da tədris prosesinin və imtahan sessiyasının təşkili barədə də məlumat verərkən onu da bildirib ki, DGKA-da tədrisin avtomatlaşdırılması və təhsil prosesinin elektron idarə edilməsi üzrə innovativ proqram təminatından istifadə olunur. O, imtahanların nəticələri barədə tələbələrin şikayətlərinə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyasının fəaliyyət göstərdiyini vurğulayıb.
O da bildirilib ki, 2018-ci ildə Akademiyadanı bitirən ilk məzunlardan 16-sı xaricdə və ölkədəki təhsil müəssisələrində magistr dərəcəsi üzrə təhsillərini davam etdirir, 10 nəfəri isə gömrük orqanlarında işlə təmin olunub.
Qeyd edilib ki, təhsil prosesində xarici dillərin tədrisinə xüsusi önəm verilir və bu ildən Akademiyada gömrük işi sahəsində informasiya texnologiyalarının tətbiqi və gömrük nəzarətinin təşkili ilə bağlı biliklər də tədris olunur.
Daha sonra jurnalistlərə auditoriyalar və buradakı dərs prosesi barədə əyani şəkildə məlumat verilib. Qeyd olunub ki, tədris və imtahan prosesi informasiya texnologiyalarının tətbiqi ilə tam avtomatlaşdırılmış və şəffaf şəkildə həyata keçirilir. Jurnalistlər Akademiyada təşkil edilən və gömrük nəzarəti zamanı tətbiq edilən texniki nəzarət vasitələri otağı, buradakı tədris prosesi barədə də məlumatlandırılıb. Sonda media nümayəndələri Akademiya tələbələrinin rəsmi keçidini izləyiblər.
Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi ilə tanışlıq da media nümayəndələrinin marağına səbəb olub.
Mərkəzin rəisi, gömrük xidməti polkovniki İlkin Osmanov bildirib ki, Mərkəz 2003-cü ildə istifadəyə verilib və parametrlərinə, təchizatına görə regionda analoqu yoxdur. Dörd hektar ərazini əhatə edən mərkəzin bazasında eyni vaxtda 100 baş xidməti it saxlamaq, onlara tibbi qulluq göstərmək və təlim vermək mümkündür. Mərkəzdə, həmçinin cins küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması da həyata keçirilir.
Burada xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz üzrə axtarış, bütün növ obyektlərin mühafizəsi üzrə hazırlanması həyata keçirilir.
Mərkəzdə müasir avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət göstərir ki, burada itlərin müayinə və müalicəsi üçün bütün imkanlar mövcuddur.
O da qeyd olunub ki, Kinoloji Mərkəzdə təlim olunan itlər dəfələrlə müxtəlif yarışların qalibləri olub. Hətta "Layma" ləqəbli it 2003-cü ildə Bratislavada keçirilən 2-ci Avropa çempionatında baş mükafatı qazanıb. Burada yetişdirilən xidməti axtarış itləri dünyanın bir sıra ölkələrinin gömrük orqanlarına hədiyyə edilib.
Mərkəzin təlim meydançasında xidməti axtarış itləri narkotik vasitələrin və digər qadağan edilən maddələrin aşkar edilməsi üzrə bacarıqlarını da nümayiş etdiriblər.
Tədbirdə media qurumlarının 40-a yaxın əməkdaşı iştirak edib.