Bu gün “Xocalı” soyqırımının anım tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın “Srebrenitsa anaları” Cəmiyyətinin nümayəndə heyəti Milli Məclisdə deputatlarla görüşüb.
Teleqraf.com xəbər verir ki, görüşdə Qarabağ münaqişəsi, onun tarixi haqda məsələlər müzakirə edilib.
Milli Məclisin deputatı Bəxtiyar Əliyev qonaqlara Dağlıq Qarabağ münaqişəsi və “Xocalı” soyqırımı barədə ətraflı məlumat verib.
Bildirib ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır. Məlumat verildi ki, 1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib, xeyli insan əsir götürülüb və işgəncələrə məruz qalıb. Hazırda dünyanın 10 ölkəsi və ABŞ-ın 20-dən çox ştatı “Xocalı” soyqırımının tanınması barədə qətnamə qəbul edib. Lakin hələ dünyada bu soyqırımın tanınmasına nail olunmayıb.
Söhbət zamanı Milli Məclisin deputatları “Xocalı” həqiqətləri barədə danışıb. Qeyd olunub ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyada “Xocalı” soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir.
“Srebrenitsa anaları” Cəmiyyətinin sədri Munira Subaşiç bildirib ki, 1995-ci ildə onlar da soyqırıma məruz qalıb: “Ona görə də sizi yaxşı başa düşür və. Srebrenitsada üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımın günahkarları cəzalandırılıb və dünya bu soyqırımı tanıyır. Avropa Birliyi 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleks inşa olunub”. Qonaqlar “Xocalı” soyqırımının da dünya tərəfindən tanınacağına inamlarını ifadə ediblər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.