“Xocalı Soyqırımından 27 il ötür. Əsrin dörddə birini geridə qoyduq, amma qatillər hələ də azadlıqda gəzir”.
Teleqraf.com xəbər verir ki, bunu tarixçi-alim Dilavər Əzimli deyib.
Tarixçi 27 il əvvəl törədilmiş soyqırım haqda təəssüratlarını bölüşüb:
“Faciə baş verəndə, ayın 25-dən 26-na keçən gecə biz də Ağdamda idik. Bu qətliamın dərinliyini bilən insanlardanıq. İndi hamı bundan danışır. Boğazdan yuxarı bu haqda danışanların çoxu vaxtilə SSRİ bayrağına and içirdi. O zaman gözlərimiz yaşlı halda min əzabla öldürülənlərin ruhları qarşında and içdik ki, sizlərin qanını yerdə qoymayacağıq, amma alınmadı, hələ də alınmır. Əvəzində qapı-qapı düşüb kömək axtarırıq. Kimdən? Bu qatillərə gizli kömək edənlərdən. Doğrudan da faciədir.
Düzdür, bunun da öz xeyiri var, ən azı ictimaiyyət məlumatlandırılır. Amma artıq 27 il keçir. Biz nə etməliydik, nəyə nail olduq. Biz, artıq yubileylər keçiririk. Pis günlərin yubileyləri, şad günlərin yubileyləri… Yubileylərdən sonra da başlayırıq oynamağa, atdanıb-düşməyə”.