“Ermənistan və Azərbaycan arasında davam edən silahlı münaqişə beynəlxalq və regional sülhə və təhlükəsizliyə, insan hüquqlarına və inkişafa hələ də əsas təhdid olaraq qalmaqdadır”.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, bu gün Azərbaycan bu münaqişənin qəddar səhifələrindən birini – 106-sı qadın, 63-çü uşaq və 70-i yaşlılar olmaqla Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin kiçik şəhərinin 613 sakininin 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən qətlə yetirildiyi, Ermənistan tərəfindən törədilən Xocalı soyqırımının 27-ci ildönümünü qeyd edir:
“Qonşu Ermənistanın silahlı təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi 1992-ci ildən bəri işğal altındadır. Etnik təmizləməyə məruz qalmış bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından zorla didərgin salınaraq məcburi köçkün vəziyyətində qalmaqdadırlar və bu, 10 milyon əhalisi olan bir ölkədə adambaşı hesablamalara görə, dünyada ən çox məcburi köçkün və qaçqınların olduğu bir ölkədir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiqləyən və erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını qəti şəkildə tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinə və bir çox digər beynəlxalq təşkilatların müvafiq sənədlərinə məhəl qoymayaraq Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Məhz bu kontekstdə mən BMT İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini, BMT-nin İnsan hüquqları üzrə ali komissarını 20 ildən çoxdur ki, hüquqları pozulan azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarının bərpası, ədalətin aliliyinin təmin edilməsi üçün səmərəli tədbirlər və prinsipial mövqe nümayiş etdirməyə çağırıram”.