28 Fevral 2019 16:54
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə Fərman imzalayb. Fərmana əsasən, kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla), habelə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun ləğvedici kimi təyin edildiyi banklarla fiziki şəxslər arasında bağlanmış müqaviləyə əsasən, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarına qədər olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək".

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dövlət başçısının fərmanını şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlət dəstəyini müəyyən etmək üçün 2015-ci il fevralın 21-i və dekabrın 21-i tarixləri, başqa sözlə, məzənnə dəyişdiyi tarixlər əsas götürülüb: “2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) və 2015-ci il fevralın 22-dən həmin ilin dekabrın 21-nə qədər bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi qiymətləndirmə olacaq. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına hər iki qayda tətbiq olunur".

V.Qasımlı bildirib ki, ödəniş ilk növbədə fiziki şəxslərin kredit təşkilatları qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldiləcək, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına veriləcək: “Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 000 dolların manat ekvivalentindən çox ola bilməz. Ümumiyyətlə prezident fərmanının sosial əhəmiyyəti kifayət qədər yüksəkdir. Belə ki, fərmanın əhatə dairəsinə 800 min nəfərdən çox insan düşür. Bunun üçün dövlət tərəfindən 700 milyon manatdan artıq vəsait ödəniləcək".

Onun sözlərinə görə, fərman həm də bank sektorunun maraqlarını nəzərə alıb: “10 000 dollara qədər, milli valyutada isə 17 000 manata qədər əsas kredit borcu olan fiziki şəxslərin gecikmədə olan borcları uzunmüddətli və aşağı faizli kreditlərlə əvəzlənəcək və restrukturizasiya olunacaq. Bunun üçün banklara 682 milyon manat məbləğinə qədər dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit veriləcək. Eyni zamanda bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 milyon ABŞ dolları dəyərinə qədər xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin olunacaq.

V.Qasımlı bildirib ki, Azərbaycan digər post-sovet ölkələrinə nisbətən problemli kreditlərin həllində daha sistemli və əhatəli yanaşmanı ortaya qoyub, həmçinin əhalinin maraqlarını daha yüksək səviyyədə nəzərə alıb: “Problemli kreditlərin həlli Prezident İlham Əliyevin apardığı sosial xarakterli islahatların tərkib hissəsidir. 2019-cu il Azərbaycanda sosial rifah ilidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər