Bu gün “Gündəlik Teleqraf” media qrupunun fəaliyyətə başlamasının 7-ci ili tamam olur.
2012-ci ildə təsis edilən media qrupunun eyni adlı qəzeti martın 1-də çapdan çıxıb. Daha sonra qəzetin saytı – Teleqraf.com, bundan başqa, Publika.az və Axar.az saytları oxucuların görüşünə gəlib. Qısa müddətdə media qrupuna daxil olan saytlar ölkənin ən populyar media resurslarına çevrilib.
Bir sözlə, bu gün Teleqraf.com-un 7-ci sevinc ilidir.
Peşəkar komanda formalaşdıran, obyektivlik, düzgünlük, qərəzsizlik prinsiplərinə sadiq qalan Teleqraf.com ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlarla, dövlət qurumları, mədəniyyət və incəsənət xadimləri ilə müntəzəm əməkdaşlıq edir. Siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edən Teleqraf.com eyni zamanda müxtəlif layihələri ilə məşhurdur.
Bu layihələrdən “Brifinq”in adını çəkmək yetər ki, görülən işin ümumi miqyasını təsəvvür eləməyə imkan yaransın.
Ölkənin ən tanınmışları – ictimai xadimləri, siyasətçiləri, elm və mədəniyyət adamları, ən aktual mövzularla gündəmə gəlmiş yerli və xarici qonaqları, diplomatları redaksiyanın ofisində qonaq olub, əməkdaşlarla tanışlaşıb, sualları cavablandırıb, özəl foto çəkdiriblər.
“Hadisə yerindən...” “Məşhur məktublar”, “Muzeydə bir gün”, “Danışan şəkillər”, “Avtoportret”, “Cinayət işi”, “Üçü birində...”, “Tozlu xatirələr”... Layihələri sadalamaqla qurtarmaz.
Azərbaycanın bu uğurlu media layihəsinə tanınmış jurnalist Aynur Camalqızının rəhbərlik etdiyini də söyləməyi borc bilirik. 7 ilin nailiyyətləri əslində Aynur xanımın uğurlarıdır – bir jurnalist, bir rəhbər və bir xanım olaraq...
“Gündəlik Teleqraf” MMC-yə daxil olan Teleqraf.com saytı ilə yanaşı, bu gün Publika.az xəbər portalının da ad günüdür. Saytlar 7 il ərzində özünü yetərincə təsdiqləyib, ölkənin ən çox oxunan saytlarına çevrilib.
Bu müddət ərzində Teleqraf.com-la əməkdaşlıq edən bütün təşkilatlara və oxucularımıza təşəkkür edir, saytımızın daimi izləyicilərini təbrik edirik!