Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Rusiyanın Federal Gömrük Xidmətinin Tibbi Xidmət İdarəsinin dəvəti ilə Moskva şəhərində işgüzar səfərdə olub.
DGK-dən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətləri arasında görüş keçirilib. Rusiya Federal Gömrük Xidmətinin Baş İdarəsində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq platformasının və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər müzakirə edilib.
DGK Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyası, son illərdə bütün sahələrdə olduğu kimi, gömrük sistemində aparılan islahatlar və Tibbi Xidmət İdarəsinin fəaliyyəti haqqında rusiyalı həmkarlarına ətraflı məlumat verib.
Eyni zamanda, gömrük xidməti nəzdində tibbi xidmətin təşkili ilə bağlı əldə edilən təcrübələrdən söz açılıb, gömrük əməkdaşlarına hospital şəraitində göstərilən tibbi xidmətin keyfiyyəti, regionlarda xidmət edən gömrük işçilərinə tibbi xidmətin vaxtında və lazımi səviyyədə göstərilməsinə dair məsələlər müzakirə olunub.
Rusiya Gömrük Xİdmətinin Tibbi Xidmət İdarəsinin rəisi Andrey Sokolov iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərindən danışıb, gömrük xidmətlərinin də bu istiqamətdə mühüm addımlar atdığını, tibbi xidmətlər arasında qurulacaq səmərəli əməkdaşlığın və təcrübə mübadiləsinin də bu sahəyə öz töhfəsini verəcəyini bildirib.
Azərbaycan nümayəndə heyəti səfərin ikinci günü Rusiya Federasiyasının Federal Gömrük Xidmətinin Mərkəzi Klinik Hospitalının fəaliyyəti ilə tanış olub. Hospitalın rəisi Nikolay Dasayev xəstəxanada gömrük əməkdaşlarına göstərilən xidmətlər, xəstəxananın struktur bölmələri, avadanlığı, tibbi xidmət işinin təşkili və xəstəxanada tibbi personala yaradılan şərait haqqında ətraflı məlumat verib.
Bundan başqa iki ölkənin gömrük xidmətlərinin tibbi xidmətləri və hospitalları arasında gələcəkdə işguzar əlaqələrin yaradılması, səmərəli əməkdaşlıq münasibətlərinin qurulması imkanları müzakirə olunub.