Prezident İlham Əliyevin son vaxtlar keçirdiyi bütün görüşlərin hədəfi müxtəlif sahələrdə mövcud olan problemlərin şəxsən öyrənilməsinə hesablanıb. 2018-c il prezident seçkilərindən sonra elan olunan islahatlar anonsunun reallaşdırılmasına 2019-cu ilin yanvar-fevral aylarından start verilib. Dövlət başçısı vətəndaşlarla keçirdiyi son görüşlərində daha çox nəyə ehtiyac duyduqları ilə bağlı onlara açıq müraciətlər edirdi. İnsanlar da problemlərini qaldırır, narahatlıqlarını ifadə edirdilər. Bu yanaşma normaldır və yüksək qiymətləndirmək lazımdır.
Bu sözləri Teleqraf.com-a açıqlamasında “Azadinform” İnformasiya Agentliyinin Baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Niyaz Niftiyev deyib.
Onun sözlərinə görə, prezidentin mədəniyyət xadimləri ilə görüşünü də məhz elə digər vətəndaşlarla açıq ünsiyyətinin davamı kimi qəbul etmək olar: “Bu görüşdə mədəniyyətin müxtəlif sahələrini təmsil edən ziyalıların problemləri, çatışmazlıqları və yaxud da görülməsi zəruri olan işlərin həllini dilə gətirmələri üçün münbit şərait yaranmışdı. Əlbəttə, "hər şey əladır, gözəldir" prinsipi ilə yaşamaq, bu gün görülən müsbət işlərlə kifayətlənməklə hədəflənən perspektiv inkişafa nail olmaq çətindir. Bütün sahələrdə inkişaf getsə də, problemlər də mövcuddur. Təbii ki, bir çox problemlərin də həllinin zamana ehtiyacı var. Biz bunu etiraf etmək məcburiyyətindəyik”.
Niyaz Niftiyevin fikrincə, həmin görüşdə maraqlı təkliflər, həlli zəruri xahişlər daha çox ola bilərdi: “Görüşün məqsədi də elə məhz bununla bağlı idi, yəni dövlətin birinci şəxsi qarşısında sözünüzü deyin, təkliflərinizi qaldırın. Təəssüf ki, Xalq artisti Zeynəb Xanlarova heç də yerinə düşməyən çıxışı ilə tempi bir az aşağı saldı. Amma cənab prezident yenə də şərait yaratdı, görüş iştirakçıları Afaq Bəşirqızı, Fərhad Bədəlbəyli, Anar və başqaları bəzi problemləri diqqətə çatdırdılar. Mənə elə gəlir ki, prezidentin mədəniyyət xadimləri ilə görüşündə hər iki tərəf istədiyinə nail oldu. Prezident bu sahədə mövcud vəziyyəti öyrəndi, qarşı tərəf isə Azərbaycan mədəniyyəti, incəsənətinin inkişafına xidmət edəcək təkliflərini səsləndirdi”.