1 Sentyabr 2014 13:39
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Çinin Nancinq şəhərində yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında iştirak etmiş milli komandamızın üzvlərini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, yeniyetmələr arasında ikinci Yay Olimpiya Oyunlarında milli komandamızın Azərbaycanı layiqincə təmsil etdiyini vurğulayan dövlət başçısı idmançılarımızın uğurlarını böyük qələbə kimi qiymətləndirib.

İdmançıları təbrik edən prezident İlham Əliyev deyib ki, 200-dən çox komandanın iştirak etdiyi həmin oyunlarda komandamızın 12 medal, o cümlədən 5 qızıl medal qazanmaqla ümumilikdə 10-cu, Avropa ölkələri arasında 6-cı, müsəlman ölkələri arasında isə 1-ci yerə layiq görülməsi tarixi qələbədir.

Prezident İlham Əliyev idmançıların gələcəkdə də böyük uğurlara imza atacaqlarına əminliyini ifadə edib.
Azərbaycanda keçirilən dünya və Avropa çempionatlarının ölkəmizdə idmanı təbliğ etdiyini, uşaqlar, yeniyetmələr və gənclərdə idmana olan həvəsi artırdığını vurğulayan dövlət başçısı deyib ki, idmançılarımız ölkəmizi bütün yarışlarda layiqincə təmsil ediblər. Bu sahədəki siyasətin hər bir gənc üçün böyük imkanlar açdığını vurğulayan Azərbaycan Prezidenti London Olimpiadasında əldə etdiyimiz uğurları xatırladıb. Qeyd edib ki, idmanda qazanılan uğurlarla bağlı nəsillər arasındakı əlaqə kəsilməməlidir.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan müstəqil dövlət olduqdan sonra idmançılarımız iştirak etdikləri hər Olimpiadada böyük uğurlara imza atıblar. Dövlət başçısı yeniyetmə-uşaq idmanına da böyük diqqət göstərildiyini, bunun da ümumilikdə ölkə idmanının inkişafı baxımından vacib olduğunu deyib. Prezident İlham Əliyev bildirib ki, ölkəə gənc istedadlı idmançıların, peşəkar məşqçilərin mövcudluğu, Bakı ilə yanaşı, bölgələrdə müasir idman infrastrukturunun yaradılması uğurlarımızı təmin edir.

Prezident İlham Əliyev 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarının ciddi məsuliyyət olduğunu deyib və bildirib ki, bu, Azərbaycan idmanının böyük nailiyyətidir. Avropa idman ictimaiyyətinin bu barədə qərarı Azərbaycanda idmanın inkişafı, müasir infrastrukturun yaradılması, ölkəmizin iqtisadi artım templəri və idmançılarınızın uğurlu çıxışları ilə bağlıdır. Avropa Oyunları standartlarının Bakıda müəyyən ediləcəyini deyən dövlət başçısı bildirib ki, bu oyunlar idmançıların və idman növlərinin sayına görə Qış Olimpiyasından böyük, Yay Olimpiadasına isə yaxındır. Prezident İlham Əliyev gənc idmançıların milli komandamızın tərkibinə daxil olacaqlarını və bu yarışlarda uğurlar qazanacaqlarına ümidvar olduğunu söyləyib.

Güləş Federasiyasının baş katibi, oyunlarda hakimlər komissiyasının inspektoru olmuş Əjdər Cəfərov, idmanın atletika növündən bürünc medal qazanmış Nazim Babayev və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanda idmana göstərilən qayğıya, Bakı ilə yanaşı, bölgələrimizdə də nəhəng idman infrastrukturunun yaradılmasına və idmançılarımıza diqqətə görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Görüşə yekun vuran prezident İlham Əliyev hələ sovetlər dövründə Azərbaycan idmançılarının mühüm nailiyyətlər qazandığını söyləyib. Lakin müstəqilliyimizin ilk illərində bütün sahələr kimi, idmanın da tənəzzül dövrü yaşadığını deyib.

Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idmanın inkişafı naminə gördüyü işlərdən danışan dövlət başçısı o vaxtdan bəri ölkəni tərk etmiş idmançılarımızın Vətənə qayıtması, yeni idman komplekslərinin yaradılması, beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi, idmanla bağlı bütün qurumların uğurla birgə fəaliyyət göstərməsi sahəsində həyata keçirilən işləri qeyd etdi. Gənc idmançılarımızın uğurlarından çox sevindiyini deyən prezident İlham Əliyev bildirib ki, gənclərin qələbəsi müstəqil Azərbaycanın nəyə qadir olduğunu göstərir.

Dövlət başçısı bir daha idmançıları təbrik edib, onlara daha böyük uğurlar arzulayıb. Sonda xatirə şəkli çəkdirilib.

Səxavət


Müəllif: