Bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə maarifləndirici tədbir keçiriblər.
Teleqraf.com Report-a istinadən xəbər verir ki, tədbir ənənəvi xarakter daşıyıb və xanım sürücülərə bayram münasibətilə hədiyyələr verilib.
YPX əməkdaşları yol hərəkəti qaydalarını pozan xanım sürücüləri saxlayıblar. Onlar, əsasən, təhlükəsizlik kəmərindən istifadə etməyən, ötmə manevr qaydalarını pozan, sükan arxasında mobil telefondan istifadə edən sürücülər olub. YPX əməkdaşları onları aşkar edərək saxlayıblar. Maarifləndirici söhbətlər apararaq bayram münasibətilə hər hansı cərimə tətbiq etməyəcəklərini bildiriblər. Eyni zamanda bu cür hərəkətlərin təhlükəli olduğu qeyd olunub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, son illərdə xanım sürücülərin iştirakı ilə baş verən yol qəzalarının sayı azalmaqdadır: "Bu da aparılan maarifləndirmə işlərinin nəticəsidir. Azərbaycanda son illər xanım sürücülərin sayı artmaqdadır. Xanım sürücülər arasında nə qədər kobud qayda pozuntularına yol verənlər olsa da, nizam-intizamı ilə seçilən sürücülər daha çoxdur. Biz yol polisi olaraq bütün xanım sürücüləri, piyadaları təbrik edir, onlara uğurlar arzulayırıq".
Tədbir zamanı xanım sürücülərə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin adından qiyməti hədiyyələr və gül dəstələri təqdim olunub.
Qeyd edək ki, yol polisinin keçirdiyi bu tədbirə bir çox tanınmış şirkətlər də dəstək olub.