Bugün “Yeni Azərbaycan” qəzetinin redaksiyasında internet mediada informasiya təhlükəsizliyi mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu avqustun 29-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin rəhbərliyi ilə KİV nümayəndələri arasında keçirilən müşavirəyə diqqət çəkib.
O, müşavirədə milli mətbuatla bağlı bir sıra məsələlərin müzakirəyə çıxarıldığını, informasiya təhlükəsizliyinin, ekstremal vəziyyətdə medianın davranışları barədə R.Mehdiyevin konkret tövsiyələrinin olduğunu bildirib.
H.Babaoğlu qeyd edib ki, müşavirədə problemlər diqqətə çatdırılıb: “Xüsusən, internet media məkanında informasiyanın çatdırılması qaydasında problemlər dilə gətirildi. Hesab edirəm ki, müşavirədəki tövsiyələr Azərbaycan sosial mediasını keyfiyyət etibarilə yeni mərhələyə daşıyacaq. Media ictimai fikri yönləndirir. Yayılan hər bir informasiya düşmən tərəfinin hərbi əks-kəşfiyyat orqanları üçün mənbə rolu oynayır. Müvafiq hərbi sirlərin paylaşılması hüquqi məsuliyyət yaradır. İstər klassik, istərsə də internet medianın bu məsələdə olduqca həssas davranması vacibdir”.
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı müzakirələr hər bir fərd üçün əhəmiyyətlidir: “Ramiz müəllimin rəhbərliyi ilə keçirilən müşavirə ölkə üçün strateji mövzudur. Hər bir redaktorun və jurnalistin üzərinə məsuliyyət qoyur”.
“Bu qayğıdan sui-istifadə halları yaşanır”
V.Rəhimzadə söyləyib ki, bu gün Azərbaycanda elektron media inkişaf edib: “Hesab edirəm ki, “KİV haqqında” qanunda elektron medianın xüsusi yeri olmalıdır. Onun da fəaliyyət çərçivəsi barədə qanunda əlavə və dəyişikliklər olmalıdır. Çap media üçün kifayət qədər maliyyə tələb olunduğu halda saytlarda buna bir o qədər ehtiyac yoxdur. İstənilən şəxs sayt, elektron KİV yaradır, məlum olur ki, informasiya daşıyıcısı olmaq üçün deyil, informasiya məkanına zərbə vurmaq üçün yaranıb. Ordu qapalı qurumdur və hər bir vətəndaşın ailəsindən keçən məsələdir. Müharibə şəraitində olan bir məqamda ordu ilə bağlı xəbərlərə diqqətlə yanaşılmalıdır. Bu gün uğurlu dövlət siyasəti həyata keçirilir. Dövlət siyasətinin aparıcı istiqamətlərindən biri KİV-ə qayğıdır. Bu uğurların fonunda bu qayğıdan sui-istifadə halları yaşanır”.
““Azadlıq” qəzeti Ermənistanın qərəzli siyasətini tirajlayır”
Onun fikrincə, qanunda elektron KİV barədə dəyişikliklər labüddür: “Elektron medianın genişləndiyi, sosial şəbəkənin aktiv olduğu məqamda jurnalistlər informasiya ötürəndə diqqətli olmalıdır. Mətbuat Şurası davamlı olaraq belə tədbirlərin keçirilməsində maraqlıdır. Ermənistan kəşfiyyatı bəzi media orqanlarımızla tanış olandan sonra ordumuzda baş verən prosesləri asanlıqla izləyə bilər. “Azadlıq” qəzetinin timsalında o cür media orqanları Ermənistanın qərəzli siyasətini tirajlayır”.
“Dövlətin yanında olan media qrupları Qarabağla bağlı aldanmamalıdır”
“Gündəlik Teleqraf” MMC-nin rəhbəri Aynur Camalqızı bu cür müzakirələrin aparılmasının əhəmiyyətli olduğunu bildirib. Onun sözlərinə görə, informasiya təhlükəsizliyi ilə bağlı keçirilən dəyirmi masa vaxtında açılmış müzakirədir. Onun sözlərinə görə, son vaxtlar ön cəbhədə baş verən hadisələr göstərdi ki, jurnalistlər ekstremal situasiyalarda işləmək qabiliyyətinə malik deyillər: “Təssüf ki, yeni media ilə bağlı müvafiq qanunvericiliyimizdə müəyyən boşluqlar var. Bu boşluqdan istifadə edənlər informasiya təhlükəsizliyimizə təhdid yaratdı. Bir məsələni diqqətə çatdırmaq istərdim, ön cəbhədəki məlum olaylar zamanı sosial mediada belə məlumat yayıldı ki, guya, Tərtər məscidinə 52 şəhidin meyiti gətirilib. Dərhal rayona zəng etdim, məlum oldu ki, tamamilə yalan və absurd informasiyadır. Facebook sosial şəbəkəsində status yazdım və həmkarlarımı belə informasiyalara uymamağa çağırdım. İki kəndin boşaldılması, Ermənistana raket atılması kimi absurd xəbərlər mediaya çıxdı. Bu cür informasiyalar bir tərəfdən Azərbaycanı sevməyən hansısa qüvvələr tərəfindən məqsədli şəkildə ortaya çıxarılırdısa, digər tərəfdən qeyri-peşəkarlığın göstəricisi idi. Vurğulamaq istərdim ki, radikal müxalifətə yaxın media orqanlarının məqsədli yaydıqları informasiyalardan fərqli olaraq dövlətin yanında olan media qrupları, xüsusilə Qarabağla bağlı həssas məqamda aldanmamalıdır. Ağıllı və düzgün istiqamət seçməyə çalışmalıyıq. Bunun üçün də münbit şərait var”.
“Media kadr çatışmazlığından əziyyət çəkir”
A.Camalqızı əlavə edib ki, elektron KİV-lər çox ciddi kadr çatışmazlığından əziyyət çəkir: “Mən hörmətli akademikimiz Ramiz müəllimin rəhbərliyi ilə keçirilən müşavirədəki çıxışımda da bildirdim ki, media kadr çatışmazlığından əziyyət çəkir. Bakı Dövlət Universitetinin məzunları belə peşəkar jurnalistikanın qaydalarına cavab vermir. İnformasiya təhlükəsizliyi ilə bağlı problemlərin həlli üçün hüquqi tənzimləmə ilə yanaşı, kadr hazırlığına da önəm verilməlidir. Qabaqcıl dünya ölkələrinin təcrübələrdən istifadə edilə bilər. Gənc kadrları xaricdə jurnalistika üzrə təhsil almağa göndərməliyik. KİVDF-nin yaranması bilirsiz ki, Cənab Prezidentin mediaya xüsusi qayğı və diqqətinin nəticəsidir. KİVDF-nin yardımı ilə xüsusi layihələr həyata keçirmək olar. Mətbuat Şurasının bu yöndə fəaliyyəti intensivləşdirilməlidir”.
“Jurnalist vəsiqələri sinifləşdirilsin”
A.Camalqızı təklif edib ki, Mətbuat Şurası vasitəsilə jurnalist vəsiqələri sinifləşdirilsin və bununla da peşəkarlıq etalonu müəyyənləşsin.
“Saytlar “birincilik” xəstəliyə tutulub”
Baş redaktor söyləyib ki, bəzi media orqanları şəxsi və qrup maraqlarını dövlət maraqlarından üstün tutub: “Bunun qarşısını almaq üçün KİV-lərin fəaliyyətini istiqamətləndirən qanunlarda elektron KİV-lərin fəaliyyəti ilə bağlı konkret müddəalar olmalıdır. Sosial şəbəkələr həyatımıza elə daxil olub ki, klassik media haqda təsəvvürlər darmadağın olub. Gələcək fəaliyyətimizi necə müəyyənləşdirməyimizlə bağlı araşdırmalara və müzakirələrə ehtiyac var. Çox hörmətli akademik Ramiz Mehdiyevin rəhbərliyi ilə keçirilən müşavirədə gələcək fəaliyyətimizlə bağlı önəmli mesajlar verildi. Fəaliyyətimizdə mütləq o mesajlardan istifadə etmək lazımdır. Bu gün həqiqəti əks etdirməyən materialların media müstəvisinə çıxarılmasının bir səbəbi də saytlar arasındakı birincilik yarışması ilə bağlıdır. Çox təəssüf ki, saytlar “birincilik” xəstəliyinə tutulub və hamı İP arxasınca düşüb. Heç bir mənbə ilə dəqiqləşdirilməyən yazılar Facebook-dan götürülərək mediada yayılır və media rəhbərləri bununla özləri üçün tiraj qazandıqlarını düşünürlər. Bu, yanlışdır və dünyada analoqu yoxdur. Başqa ölkələrdə heç bir saytın sayğacı görünmür. Bu, reklam müştərilərinə lazımdırsa, onu başqa formada təqdim etmək mümkündür. Sayğacın oxucu üçün heç bir əhəmiyyəti yoxdur. “Hansı xəbər çox oxundu” deyə meyar olmamalıdır. Təkcə bizdə yox, bütün dünyada şou, kriminal, “18+ xəbərlər” daha çox oxunur. Ona görə də xəbərlərin çox oxunması peşəkarlıq sayılmamalıdır. Saytlarda yazıların oxunma sayının göstərilməsi də vacib deyil. Yaxın günlərdən etibarən öz media orqanlarımızda xəbərin oxunma sayının göstərilməsi ləğv olunacaq və sayğaclar yığışdırılacaq. Həmkarlarımı da buna çağırıram. Bundan əlavə, bir məqamı da diqqətə çatdırmaq istərdim ki, bizim saytımız hansısa xəbəri istehsal edir, yayımlanandan dərhal sonra yüzlərlə sayt əməyimizin məhsulunu istinadla və istinadsız götürüb yayımlayır və özünə tiraj qazanır. Bu məsələnin Mətbuat Şurasında müzakirəyə çıxarılmasını arzulayıram və bu kimi halların aradan qalxmasının tərəfdarıyam. Heç Türkiyədə “Milliyyət” qəzetinin “Hürriyyət” qəzetinə istinadla yazı verdiyinin şahidi olmusunuz? Yalnız xəbər agentliklərindən xəbər verilir. Onda da linklərlə istinad göstərilir. Media orqanlarımız da başqasının əziyyətlə hazırladığı məhsulu özününküləşdirib oxucuya sırımamalıdır. Bir neçə il əvvəl televiziyalar da reytinq xəstəliyinə tutulmuşdu, milli-mənəvi dəyərlərə zidd şou proqramlar baş alıb gedirdi. Bunlar mütləq nizamlanmalıdır. Rusiya, Böyük Britaniya kimi ölkələrin də təcrübələrində də internet məkanı və saytlara nəzarətin hüquqi tənzimlənməsi mövcuddur. Bu təcrübə Azərbaycanda da tətbiq olunmalıdır”.
“Domen alan adam maliyyə mənbəyini göstərməlidir”
A.Camalqızı domen adlarının alınması istiqamətində təklif irəli sürüb: “Jurnalistikaya aidiyyatı olmayan insanlar mediaya uyğun adların domenlərini demək olar ki, hamısını alıb. Həmin insanlar o domenləri fantastik qiymətə satmağa çalışırlar. Niyə domen adlarını qeydiyyatdan keçirib öz inhisarlarında saxlayırlar? Təklif edirəm ki, domen alıb sayt açan şəxs 6 aylıq fəaliyyəti üçün bank hesabında maliyyə mənbəyini göstərməlidir. Bir nəfər domen adı alır, sayt dizayn etdirir və ofisi, işçisi olmadan kompüter arxasında digər saytların xəbərlərini götürüb öz saytına yerləşdirir və bununla da informasiya spekulyasiyası ilə məşğul olurlar”.
“Qeyri-peşəkarlar mətbuata soxulub”
SƏS media qrupunun rəhbəri Bəhruz Quliyev söyləyib ki, PA rəhbəri Ramiz Mehdiyev müxtəlif dövrlərdə mətbuat və cəmiyyətdə baş verən prosesləri diqqətlə izləyir və öz münasibətini bildirir: “Ramiz müəllim zaman-zaman böyük konseptual məqalələrlə çıxış edir. Efir məkanındakı problemlərlə bağlı məqalə ilə çıxış edəndən sonra yorucu şou və bayağı verilişlər efirdən yığışdırılıdı. Müsbət istiqamətdə dinamika və dəyişikliklər oldu. Bu, son dərəcə zəruri addım idi”.
B.Quliyev deyib ki, hərbi sirrin yayılması və ictimailəşməsi düşmən tərəfi məlumatlandırır: “Kiminsə müxalif mövqeyi dövlətçiliyə qarşı çevrilməməlidir. Müxalifətçiliyi millətə, xalqa, dövlətə qarşı yönəltdiklərinin şahidi oluruq. 2004-cü ildə dövlət sirrinin qorunması və informasiyanın əldə olunması ilə bağlı qanunlar qəbul olunub. O dövrdə 70 faiz əhali internetləşməmişdi, sosial şəbəkələrdə təmsil olunmurdu. Demokratiyanın beşiyi olan ölkələrdə belə hansısa formada internetə nəzarət mexanizmi mövcuddur. Azərbaycanda isə internet sərbəstdir və bu sərbəstlik millətə hansısa problemlər yarada bilir”.
“Hazırladığımız materialın həzzini yaşaya bilmirik”
Modern.az saytının rəhbəri Elşad Eyvazlı qeyd edib ki, rəhbərlik etdiyi saytda bu günə qədər dövlətçiliyimiz və millətçiliyimizə qarşı bir informasiya belə yayımlanmayıb: “Qarabağla bağlı həssas mövzularda sadəcə azərbaycanlı olmaq lazımdır. Heç vaxt İP dalınca qaçmamışıq, bu cür müzakirələrin keçirilməsinin tərəfdarıyam. Təklif edirəm ki, konkret olaraq yalan informasiya yayan saytların adları çəkilsin və onlara qarşı tədbir görülsün. Hətta ötən gün keçirilən müşavirəyə o cür sayt rəhbərləri gülə-gülə gəlib, gülə-gülə də çıxıb getdilər”.
E.Eyvazlı A.Camalqızının istinadsız xəbər yayımlanması barədə söylədiyi fikirlərə dəstək verib: “Biz hazırladığımız materialın həzzini yaşaya bilmirik. Əziyyətlə yazı yazırıq, üstündən 1 dəqiqə keçməmiş görürük ki, bütün saytlar götürüb bizim xəbəri qoyublar. Heç olmazsa bizim saytdakı yazının linkini belə göstərsinlər”.
Nərgiz