“Fransanın paytaxtı Parisdə XII əsrə aid Notr Dam kilsəsində baş verən dəhşətli yanğından çox mütəəssir oldum”.
Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, 850 yaşı olan kilsə tək fransız xalqının deyil, ümumilikdə bəşəriyyətin çox qiymətli sərvəti idi:
“İlk dəfə mən onu 20 il əvvəl gördüm və möhtşəmliyinə heyran oldum. Əsas heyranlığım isə onun müxtəlif hökmdarlar dövründə daha da əzəmətli edilməsi üçün böyük işlərin görülməsi idi. Təəssüf ki, onu qoruya bilmədilər. Bu gün bütün dünya fransız xalqının bu ağır dərdinə şərik olur.
Dünya onu da yaddan çıxarmasın ki, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarında da dünya mədəniyyətinin inciləri olan minlərlə abidələr var. Təəssüflər olsun ki, Fransa cəmiyyətinin bir hissəsi işğala və Ermənistan tərəfindən mədəniyyət abidələrimizin dağıdılmasına biganə qaldı, bəzi hallarda isə işğalçıları müdafiə etdi. Mədəniyyəti isə barbarlıq və etinasızlıq məhv edir”.