22 Aprel 2019 16:18
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması münasibətilə İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri Filip Ştadleri qəbul edib.

XİN-dən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafından məmnunluqlarını bildiriblər.

Regionun mənzərəsini dəyişən Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən digər layihələr haqqında danışan E.Məmmədyarov bir sıra İsveçrə şirkətləri ilə bu xüsusda uğurlu əməkdaşlığın həyata keçirildiyini diqqətə çatdırıb.

İki ölkə arasında enerji sahəsində səmərəli işbirliyinin mövcudluğuna toxunan tərəflər tezliklə Azərbaycan hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın növbəti iclasının keçiriləcəyini bildiriblər.

Görüş zamanı həmçinin, səfir Filip Ştadlerin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səyləri yüksək qiymətləndirilib.

Səfir Filip Ştadler diplomatik fəaliyyəti müddətində Azərbaycan tərəfindən ona göstərilən dəstəyi xüsusilə qeyd edib və buna görə təşəkkürünü çatdırıb.

E.Məmmədyarov səfirə uğurlar arzulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər