4 May 2019 11:49
1 437
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin sərəncamı ilə Xələf Xələfov yenidən xarici işlər nazirinin müavini vəzifəsinə təyin olundu. Nədən prezident Xələf Xələfovu yenidən öz vəzifəsinə qaytardı? Axı Xələf Xələfov 5 ay bundan öncəyə qədər də bu vəzifədə idi.

Teleqraf.com bu suala Atlas Araşdırmaları Mərkəzinin cavab verən şərhini təqdim edir.

Baş nazir Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov 2018-ci ilin dekabr ayında Nazirlər Kabinetinin aparat rəhbəri təyin olunmuşdu. Aydındır ki, o zaman bu qərar prezidentlə razılaşdırılmışdı. Belə düşünülürdü ki, 25 ildən sonra Xəzərin hüquqi statusunu müəyyənləşdirən konvensiya imzalandı və Azərbaycanı bu illərdə danışıqlarda təmsil edən Xələf Xələfovun missiyası da uğurla yerkunlaşmış oldu. Ancaq bu arada yeni problemlər çıxdı.

Prezidenti sərəncamı ilə Xələf Xələfov nazir müavini təyin olunmaqla yanaşı ona dövlət başçısının sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi vəzifəsi həvalə olundu. Elə təyinatın əsl mahiyyəti də bundadır.

Birincisi, Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalansa da, Azərbaycan bundan sonra dənizin dibinin bölüşdürülməsiylə bağlı Türkmənistan və İranla danışıqları davam etdirməlidir. Çünki Konvensiya bu məsələni həll etməyib.

İkincisi, son günlərdə Gürcüstan-Azərbaycan sərhəddində baş verən insidentlər bu istiqamətdə da danışıqları zəruri edir. Sərhəd məsələsini müəyyənləşdirməli olan iki ölkənin Dövlət Komissiyasının sonuncu iclası 2011-ci ildə Bakıda keçirilib. Bundan sonra danışıqlar dayanıb. Komissiyanın işini yenidən canlandırmaq aktuallaşıb.

Beləliklə, bu iki məsələnin həllində Azərbaycan prezidentinə peşəkar köməkçi lazımdır. Sərhəd mövzusunda təcrübəli diplomat Xələf Xələfov bu məsələlərin həllində əsas rol oynamalıdır. Sadəcə, Xələf Xələfovun yenidən köhnə vəzifəsinə qaytarılması həm də ondan xəbər verir ki, mövcud sahədə kadr çatışmazlığı var, yoxsa eyni diplomatı köhnə vəzifəsinə niyə qaytarırdılar ki?

***

10:59

Xələf Xələfov yenidən Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat katibi Leyla Abdullayeva bildirib ki, X.Xələfov artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, X.Xələfov 1997-ci ildə xarici işlər nazirinin müavini təyin edilib. Prezident İlham Əliyevin 13 dekabr 2018-ci il tarixli sərəncamı ilə xarici işlər nazirinin müavini vəzifəsindən azad olunub.

Azərbaycanın Baş naziri Novruz Məmmədovun sərəncamı ilə Xələf Xələfov Nazirlər Kabinet Aparatının rəhbəri vəzifəsinə təyin edilmişdi.

X.Xələfovdan sonra Nazirlər Kabineti Aparatının rəhbəri vəzifəsinin icrası Aparat rəhbərinin müavini Natiq Məmmədova həvalə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər