17 May 2019 13:35
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində Fransa Prezidenti Emmanuel Makronun diplomatik məsələlər üzrə müşaviri Filip Etiyenlə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin cari vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıblar. Əməkdaşlığın inkişafından məmnunluqlarını bildirən tərəflər əlaqələrin daha da inkişafında qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin intensivləşdirilməsinin zəruriliyini vurğulayıblar.

E.Məmmədyarov ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə aparılan danışıqların cari vəziyyəti haqqında qarşı tərəfə məlumat verib. Münaqişənin tezliklə həllinin, Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinin və azərbaycanlı məcburi köçkünlərin öz doğma yurd-yuvalarına geri qayıtmasının bölgədə davamlı sülh və inkişafın təmin olunması baxımından əhəmiyyəti vurğulanıb.

Görüş zamanı tərəflər beynəlxalq gündəliyin qarşılıqlı maraq doğuran məsələləri ətrafında fikir mübadiləsi aparıblar.


Müəllif: Səxavət